“...Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm...”

İsmayılov Əhməd Məhəmməd oğlu
6 aprel 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1987-1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır.
2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır.
2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləmişdir.
2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir.
2018-2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışmışdır.
2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” ilk ərazi təşkilatının sədri olmuşdur.
2019-cu ildən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilmişdir.
Ailəlidir.