Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edir

10.12.2020

 

E L A N

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edir.

 

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq müsabiqəyə aşağıdakı sahələr üzrə layihə-təkliflər təqdim edilə bilər:

1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

4. ictimai və dövlət maraqlarının müdafiəsi;

5. Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

7. qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;

8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

9. azərbaycançılıq ideyasının təbliği;

10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

17. ekologiya və ətraf mühitin mühafizəsi;

18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

 

 

İctimai-siyasi (əsas mövzusu ölkə və cəmiyyət həyatında gedən ictimai prosesləri, siyasi hadisələri işıqlandırmaqdan, onların mahiyyətini izah, təhlil və şərh etməkdən ibarət olan) qəzetlər aşağıdakı tələblərə cavab verdikdə müsabiqədə iştirak edə bilər:

1. mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

2. Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 2.000 nüsxədən və yayımı (abunə və satışı) 1.500 nüsxədən az olmamalıdır;

3. yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;

4. təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür) olmamalıdır;

5. təsisçisi dövlət orqanları, bələdiyyələr, ictimai birliklər, dini qurumlar və dini icmalar olmamalıdır.

 

 

Müsabiqədə iştirak edə bilməz:

Yuxarıda göstərilən tələblərə cavab verməyən və ya əvvəllər Fond tərəfindən maliyyə yardımı almış və maliyyələşmə dövründə bağlanmış müqavilə şərtlərini pozduğuna görə maliyyə yardımı dayandırılmış, habelə söz, fikir və məlumat azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan qəzetlər Müsabiqəyə buraxılmır.

 

 

Müsabiqənin ümumi şərtləri:

Müsabiqənin nəticələrinə əsasən qalib elan olunan qəzet redaksiyalarına aşağıdakı məbləğlərdə maliyyə yardımı göstəriləcəkdir:

1. gündəlik (həftədə ən azı beş dəfə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 20.000 (iyirmi min) manat məbləğində;

2. günaşırı (həftədə ən azı üç dəfə A3 formatında 16 yaxud A2 formatında 8 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 10.000 (on min) manat məbləğində;

3. həftəlik (həftədə ən azı bir dəfə A3 formatında 24 yaxud A2 formatında 12 səhifə həcmində çap olunan) qəzetlər – hər birinə aylıq 5.000 (beş min) manat məbləğində.

 

Müsabiqəyə müraciət məlumatların və sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi (mib.kivdf.gov.az) və ya həmin məlumat və sənədlərin kağız daşıyıcıda Fonda təqdim edilməsi yolu ilə edilir.

 

 

Müsabiqəyə elektron qaydada müraciət etmək üçün qəzet redaksiyası “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”nda (bundan sonra – Elektron informasiya bankı) qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.

Qeydiyyatdan keçmək üçün Elektron informasiya bankına aşağıdakı məlumatlar və sənədlər daxil edilməlidir:

1. qəzetin VÖEN-i;

2. qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin skan edilmiş surəti;

3. qəzetin nizamnaməsinin skan edilmiş surəti;

4. qəzetin dövriliyi və tirajı haqqında məlumat (məsələn, əgər qəzet həftədə 3 dəfə və 1000 tirajla çap olunursa, bu şəkildə daxil edilməlidir: Dövriliyi: həftədə 3 dəfə, Tirajı: 1000;

5. qəzetin bank rekvizitlərini əks etdirən sənədin skan edilmiş surəti;

6. qəzetin əməkdaşları haqqında məlumatı (adları, ata adları, soyadları, tutduqları vəzifə, əmək haqlarının məbləği) əks etdirən sənədin skan edilmiş surəti (ƏLAVƏ 1).

 

 

Müsabiqənin elanından  əvvəlki yarımildə maliyyə yardımı göstərilməmiş qəzet redaksiyası Müsabiqəyə müraciət zamanı Elektron informasiya bankına aşağıdakı məlumatları və sənədləri təqdim etməlidir:

1. qəzetin baş redaktorunun ərizəsinin skan edilmiş surəti (ƏLAVƏ 2);

2. Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayışın skan edilmiş surəti;

3. mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayışın skan edilmiş surəti;

4. qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimənin (mətbəə qaiməsi) skan edilmiş surəti (aylar üzrə);

5. qəzetin tiraj bölgüsünü göstərən təsdiqlənmiş məlumatın skan edilmiş surəti (aylar üzrə);

6. qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələrin skan edilmiş surəti (aylar üzrə).

7. Müsabiqədə qalib olduqları təqdirdə yazılar dərc edəcəkləri və ardıcıl tədbirlər həyata keçirəcəkləri sahə (sahələr) üzrə layihə-təklif (layihə-təkliflər).

 

 

Müsabiqənin elanından  əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyası Müsabiqəyə müraciət zamanı Elektron informasiya bankına aşağıdakı məlumatları və sənədləri təqdim etməlidir:

1. qəzetin baş redaktorunun ərizəsinin skan edilmiş surəti (ƏLAVƏ 2);

2. Müsabiqədə qalib olduqları təqdirdə yazılar dərc edəcəkləri və ardıcıl tədbirlər həyata keçirəcəkləri sahə (sahələr) üzrə layihə-təklif (layihə-təkliflər).

 

 

Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən və  Müsabiqənin elanından  əvvəlki yarımildə maliyyə yardımı göstərilməmiş qəzet redaksiyasından aşağıdakı sənədlər tələb olunur:

1. qəzetin baş redaktorunun ərizəsi (ƏLAVƏ 2);

2. qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;

3. müvafiq VÖEN-nin surəti;

4. qəzetin nizamnaməsinin surəti;

5. Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;

6. mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;

7. qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri) (aylar üzrə);

8. qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd (aylar üzrə);

9. qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr (aylar üzrə);

10. qəzetin bank rekvizitlərini əks etdirən sənəd;

11. qəzetin əməkdaşları haqqında məlumatı (adları, ata adları, soyadları, tutduqları vəzifə, əmək haqlarının məbləği) əks etdirən sənəd (ƏLAVƏ 1);

12. qəzetin məlumat vərəqəsi (ƏLAVƏ 3);

13. Müsabiqədə qalib olduqları təqdirdə yazılar dərc edəcəkləri və ardıcıl tədbirlər həyata keçirəcəkləri sahə (sahələr) üzrə layihə-təklif (layihə-təkliflər).

 

Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən və  Müsabiqənin elanından  əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyasından aşağıdakı sənədlər tələb olunur:

1. qəzetin baş redaktorunun ərizəsi (ƏLAVƏ 2);

2. qəzetin məlumat vərəqəsi (ƏLAVƏ 3);

3. Müsabiqədə qalib olduqları təqdirdə yazılar dərc edəcəkləri və ardıcıl tədbirlər həyata keçirəcəkləri sahə (sahələr) üzrə layihə-təklif (layihə-təkliflər).

 

 

Layihə-təkliflərin tərkib hissəsi olan yazılar aşağıdakı tələblərə cavab verməklə təqdim edilir:

1. Azərbaycan, rus və ya ingilis dilində olmalıdır.

2. Əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır.

3. Mətninin həcmi 2000-2500 söz aralığında olmalı, A4 kağızına uyğun formatda, səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında “Times New Roman” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır.

4. Plagiata yol verilməməlidir (kütləvi informasiya vasitəsi digər kütləvi informasiya vasitəsinin materialının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər).

Sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən qəzet redaksiyasının təqdim etdiyi yazı yuxarıda göstərilənlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:

1. Qeyd olunan sahələrdən hansına aid olduğu sərlövhəsindən əvvəl qeyd edilməlidir.

2. Dörd nüsxədə çap edilməli, birinci nüsxəsi tarix göstərilməklə müəllifinin imzası (əlyazma ilə adı, atasının adı, soyadı, təxəllüsü), habelə qəzetin baş redaktorunun imzası və qəzetin möhürü ilə təsdiq edilməli, digər nüsxələri isə yalnız tarix göstərilməklə tərtib edilməlidir.

 

 

Müsabiqəyə müraciət edən qəzet redaksiyasının təqdim etdiyi yazının dili qəzetin çap edildiyi dillə eyni olmalıdır.

Gündəlik (yaxud həftədə ən azı beş dəfə çap olunan) qəzetlər tərəfindən 3 (üç), günaşırı (yaxud həftədə ən azı üç dəfə çap olunan) qəzetlər tərəfindən 2 (iki), həftəlik (həftədə ən azı bir dəfə çap olunan) qəzetlər tərəfindən 1 (bir) sahə üzrə yazılar təqdim edilir.

 

Müraciətlərin qəbulu 10 dekabr 2020-ci il tarixindən 24 dekabr 2020-ci  il saat 18:00-dək həyata keçirilir.

Müsabiqəyə elektron qaydada müraciət barədə videotəlimatı buradan izləyə bilərsiniz.