Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfər proqramı başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı başlayıb. Nümayəndə heyətinin Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.

Səfər proqramı iyulun 1-də başlayıb və ilk görüş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində keçirilib. Səfir Polad Bülbüloğlu nümayəndə heyətini salamlayaraq, Azəbaycanın aparıcı KİV qurumlarının Rusiya Federasiyasına səfər proqramını müsbət dəyərləndirdiyini bildirib. O, iki ölkənin KİV qurumlarının əlaqələrinin güclənməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb. Səfir Azərbaycan və Rusiyanın müştərək maraqlarına xidmət edən proqramlar barədə də məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.

KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya -Azərbaycan media təmsilçilərinin sıx təmaslarının zəruri olduğunu, bunun üçün həm Rusiya, həm də Azərbaycan dövlətinin dəstəyinin önəmli olduğunu vurğulayıb. Səfir Polad Bülbüloğlu iki ölkə KİV-lərinin təmaslarının gücləndirilməsi üçün səlahiyyətləri çərçivəsində bütün dəstəyi verməyə hazır olduqlarını qeyd edib.

Nümayəndə heyətinin növbəti görüşü "İTAR-TASS" İnformasiya Agentliyində keçirilib. Nümayəndə heyətinin üzvləri öncə Agentliyin iş mühiti ilə tanış olublar. Daha sonra Baş redaktor Maksim Filimonovla görüş keçirilib. Səmimi diskussiya şəraitində keçirilən görüşdə tərəflər qarşılıqlı maraqları və əlaqələrin inkişafı üçün fikirlərini çatdırıblar.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru, KİVDF-nin Müşahidə şurasının sədri Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, “AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.

Görüşlər davam edir. Səfər proqramı iyulun 4-dək davam edəcək.