Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun jurnalist təşkilatları üçün keçirdiyi "Azərbaycan media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqənin elanının müzakirəsi və təsdiqi.

Gündəlikdəki məsələ barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor jurnalist təşkilatları üçün təşkil olunan ənənəvi maliyyə yardımı müsabiqəsinin mediada ədəbi dilin normalarının qorunması və kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib.
V.Səfərli "Azərbaycanın media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularını əhatə edən müsabiqənin sentyabrın 3-dən 13-dək keçiriləcəyini, hər istiqamət üzrə qalib olacaq təşkilata layihənin icrası üçün mərhələli şəkildə 20 min manat maliyyə vəsaitinin ayrılacağını bildirib.
Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Ayaz Mirzəyev və Rasim Həsənov müsabiqənin kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunması, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aşkar olunaraq aradan qaldırılmasına xidmət edən maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Müzakirələrin sonunda müsabiqə elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.