Fondun 2018-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:





1. Fondun 2018-ci ilin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;

2. Fondun 2019-cu il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;

3. Fondun 2019-ci il üçün ekspertlərinin tərkibinin müzakirəsi və təsdiqi;

4. Cari məsələlər.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2018-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib.

V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor, Fondun 2018-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6.000 səhifədən çox yazının dərc edildiyini bildirib.

Dövlət və cəmiyyət üçün həlli vacib məsələlərdə medianın potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Fond 2018-ci ildə, həmçinin Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, "Azərişıq", "Azərenerji" açıq səhmdar cəmiyyətləri, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 müsabiqə) ilə birgə 8 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 11 müsabiqədə 817 nəfər iştirak edib, onlardan 443 nəfəri qalib olaraq mükafatlandırılıb.

İcraçı direktor Fondun Müşahidə Şurasının qərarı ilə ötən il fərdi jurnalist yazıları müsabiqələrində I yerə layiq görülmüş jurnalistlərin yazıları toplanaraq "Sözün zirvəsində" adlı kitabın IV cildinin nəşr edildiyini bildirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamına əsasən, Fond 2018-ci ildə Dağlıq Qarabağda erməni separatizminin 30 illiyi ilə əlaqədar "Dağlıq Qarabağda erməni separatizminin 30 ili: qlobal təhlükə" adlı kitab nəşr etdirib. Kitabda Fondun maliyyə yardımı ilə 2017-2018-ci illərdə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti üzrə layihə icra etmiş qəzetlərdə dərc olunmuş yazılar toplanıb.

Vüqar Səfərli bildirib ki, "Xalq Cümhuriyyəti ili" çərçivəsində Fond müsəlman Şərqində ilk demokratik və hüquqi dövlətin "İstiqlal bəyannaməsi"nin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində elan edildiyini, Cümhuriyyətin ilk hökumətinin və onun banilərinin dövlətçilik fəaliyyətinin bu şəhərlə sıx bağlılığını nəzərə alaraq 2018-ci ilin oktyabr ayında aparıcı media rəhbərlərinin Tbilisi şəhərinə səfərini təşkil edib. Bundan əlavə, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2018-ci ilin noyabr ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri təşkil edilib.

V.Səfərli Fondun 2018-ci ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü vurğulayıb.

Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun 2018-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimi Fondun 2019-cu il üçün Tədbirlər Planı müzakirə olunub. 2019-cu ilin respublikamızda "Nəsimi ili" elan olunduğunu deyən V.Səfərli hazırlanmış Tədbirlər Planında bunun nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən irəli sürülmüş bir sıra təkliflər nəzərə alınmaqla təsdiq edilib.

İclasda, həmçinin Fondun 2019-cu il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.