Avropa Şurasının nümayəndə heyəti Fondun qonağı olub - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR07.07.2017

Avropa Şurasının nümayəndə heyəti Fondun qonağı olub



image

İyulun 7-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində icraçı direktor Vüqar Səfərli və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər.

Görüşdə Məşvərətçi Komitənin Latviyanı təmsil edən üzvü Reinis Aboltins, Avstriyanı təmsil edən üzvü Brigitta Busç, Sloveniyanı təmsil edən Petra Roter, habelə Avropa Şurası katibliyinin "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə mütəxəssisi Agnesvon Maraviç iştirak ediblər.

İcraçı direktor Vüqar Səfərli qonaqları salamlayaraq Fondun yaranma tarixi və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Fondun başlıca məqsədi ölkədə fikir, söz və məlumat azadlıqlarını inkişaf etdirmək, jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən layihələri maliyyələşdirməkdir. Fonda indiyədək dövlət büdcəsindən 31 milyon manata yaxın vəsaitin ayrıldığını deyən Vüqar Səfərli hazırda 33 qəzetə maliyyə yardımının göstərildiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb.

İcraçı direktor bildirib ki, Fond digər vacib sahələrlə yanaşı, Azərbaycanın multikulturalizm və dini-milli tolerantlıq sahəsində əldə etdiyi uğurların yerli və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də ardıcıl iş aparır. V.Səfərli vurğulayıb ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamətdən biri də "Dini-milli tolerantlığın, millətlərarası münasibətlərin inkişaf etdirilməsi"dir: "2016-cı il və 2017-ci ilin birinci yarısında Fondun maliyyə yardımı ilə 3 qəzet həmin istiqamət üzrə layihə icra edib, həmin qəzetlərdə 360 səhifə yazı dərc olunub. Qeyd olunan dövrdə Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinə "Dini-milli tolerantlığın, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə 50-dək yazı təqdim edilib, 30 nəfər jurnalist qalib olaraq mükafatlandırılıb".

V.Səfərli Azərbaycanda mehriban qonşuluq şəraitində yaşayan azsaylı xalqların təmsilçilərinin KİV təsis etmələri və media sahəsində sərbəst fəaliyyət göstərmələri üçün lazımi şəraitin mövcudluğunu qeyd edib. İcraçı direktor "Azərbaycanda multikulturalizm ili" elan edilməsi ilə əlaqədar Fondun 2016-cı ildə azsaylı xalqların sıx yaşadığı Xaçmaz və İsmayıllı rayonlarında, 2017-ci ildə isə Lənkəran şəhərində regional konfranslar keçirdiyini vurğulayıb. Fondun ötən il Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi 2 fərdi jurnalist yazıları müsabiqəsinin də məhz multikulturalizm mövzusuna həsr olunduğu diqqətə çatdırılıb.

Çıxışını davam etdirən icraçı direktor Fondun oxucu auditoriyası əsasən azsaylı xalqların nümayəndələri olan "Novoye Vremya", "Kaspiy" (rus), "Azernews" (ingilis) qəzetlərinə maliyyə yardımı göstərdiyini bildirib. V.Səfərli qeyd edib ki, Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində fəal iştirak edən azsaylı xalqların təmsilçiləri sosial vəziyyətlərini yaxşılaşdırmaq imkanı əldə ediblər.

Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan uğurlu təcrübə kimi qiymətləndirən V.Səfərli bu sosial layihədən azsaylı xalqların təmsilçisi olan jurnalistlərin də bəhrələndiklərini vurğulayıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanın tarixən multikultural və tolerant ölkə kimi tanındığını, burada müxtəlif azsaylı xalqların nümayəndələrinin dinc yanaşı yaşadıqlarını diqqətə çatdırıb. N.Məhərrəmli qeyd edib ki, azsaylı xalqların digər sahələrdə olduğu kimi, söz, fikir və məlumat azadlıqları sahəsində konstitusion hüquqları da yüksək səviyyədə qorunur. Şura sədri həmçinin vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşdirilən telekanal və radiolarda azsaylı xalqların dillərində verilişlərin hazırlanması və yayımlanması Azərbaycanda bu sahədə kifayət qədər liberal və demokratik mühitin mövcudluğunu təsdiqləyir. Milli Televiziya və Radio Şurasının sədri rəhbərlik etdiyi qurumun bu sahədəki fəaliyyəti və planlaşdırdığı layihələr barədə də qonaqlara ətraflı məlumat verib.

Sonra görüş müzakirələr formatında davam etdirilib. Qonaqlardan Reinis Aboltins, Brigitta Busç və Petra Roter səmimi qəbula və onları maraqlandıran sualları ətraflı cavablandırdıqlarına görə Fondun icraçı direktoru V.Səfərli və Milli Televiziya və Radio Şurasının sədri N.Məhərrəmliyə minnətdarlıqlarını bildiriblər.