Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlandı - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR16.05.2017

Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlandı



image

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə 9 nəfərdən ibarət komissiya yaradılıb.

Komissiyanın tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan 3 nəfər – Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu (komissiyanın sədri), Fondun Müşahidə Şurasının üzvü Ələsgərli Müşfiq Məşi oğlu, Fondun aparıcı məsləhətçisi Mustafayev Samir Elman oğlu; Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasından 3 nəfər – şuranın sədri Məhərrəmli Nuşirəvan Umud oğlu, Şuranın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavadov Nemət Rövşən oğlu, Şuranın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Mehdiyeva Aygün Ərəstun qızı; Azərbaycan Mətbuat Şurasından 3 nəfər – şuranın sədri Amaşov Əflatun Əhməd oğlu, Şuranın İdarə Heyətinin üzvü və Fondun Müşahidə Şurasının sədr müavini Rəhimzadə Vüqar Gəncəli oğlu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Quliyev Aydın Alqulu oğlu daxildirlər.

Komissiyanın 2017-ci il mayın 16-da keçirilmiş ilk iclasında "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri", eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin şəffaf şəkildə qəbulu qaydaları müəyyənləşdirilib. İclasdan sonra komissiya üzvlərinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.

Tədbir iştirakçılarını salamlayan Fondun icraçı direktoru, komissiyanın sədri Vüqar Səfərliəvvəlcə Azərbaycanın bu günlərdə bayram sevinci yaşadığını bildirib və idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında ciddi nailiyyətlərə imza atması münasibətilə media nümayəndələrini təbrik edib. Komissiya sədri jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə 2 yaşayış binasının tikilib istifadəyə verilməsini dünyada analoqu olmayan mütərəqqi təcrübə kimi dəyərləndirib. V.Səfərli qlobal maliyyə böhranının ölkəmizə mənfi təsirlərinə baxmayaraq, jurnalistlər üçün inşa edilən binanın tikintisinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.

V.Səfərli qeyd edib ki, dövlətimizin başçısının 2013-cü il 22 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən Səbail rayonu ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli sayca ikinci yaşayış binasının tikintisi başa çatdırılıb. V.Səfərli daha sonra "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri" barədə ətraflı məlumat verib.

Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə mənzillərin verilməsi şərtlərinin müəyyənləşdirilməsi və sənəd qəbulu prosesinə başlanılması münasibətilə media nümayəndələrini təbrik edib. O, yalnız televiziya və radio yayımçılarının təqdimatlarının komissiya tərəfindən qəbul olunacağını, kabel yayımçılarının bu prosesdə iştirak etməyəcəklərini diqqətə çatdırıb.

Komissiyanın üzvü, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalistlər üçün mənzillərin tikilib istifadəyə verilməsini Azərbaycanda mediaya göstərilən yüksək diqqət və qayğının bariz göstəricisi kimi dəyərləndirib. Mətbuat Şurasının sədri komissiyanın bu məsuliyyətli prosesi tamamilə şəffaf və ədalətli şəkildə başa çatdıracağına əminliyini ifadə edib.

Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.








Bu yazı 2 dəfə oxunmuşdur.