Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR28.02.2017

Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib



image

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun jurnalist təşkilatları üçün "Azərbaycan media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında elan etdiyi müsabiqəyə təqdim olunmuş sənədlərin müzakirəsi;

2. Cari məsələlər.

Gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mediada ədəbi dilin normalarının qorunması məqsədilə Fondun 2017-ci il yanvarın 25-dən jurnalist təşkilatları üçün ənənəvi olaraq "Azərbaycanın media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında müsabiqə elan etdiyini diqqətə çatdırıb. V.Səfərli 2017-ci il fevralın 24-dək davam etmiş müsabiqəyə 3 təşkilatın - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondunun sənəd təqdim etdiklərini bildirib.

Sonra müsabiqəyə təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr aparılıb. Şuranın sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, İntiqam Hümbətov mediada ədəbi dilin qorunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə jurnalist təşkilatları üçün keçirilmiş müsabiqənin əhəmiyyətini önə çəkiblər. Müzakirələr zamanı Azərbaycan Mətbuat Şurasının, Jurnalistlərin Həmkarlar İttifaqının və Elektron Mediaya Yardım Fondunun təqdim etdikləri sənədlərin qaydasında olduğu, maddi-texniki bazalarının tələblərə cavab verdiyi, habelə çoxillik təcrübələri xüsusi vurğulanıb, onların təqdim etdikləri layihə təklifləri müsbət dəyərləndirilib.

Müzakirələrin sonunda Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondunun müsabiqənin qalibləri elan edilməsi, onların hər birinə mərhələli şəkildə (hər dəfəyə 10.000 (on min manat) olmaqla) 20.000 (iyirmi min) manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.