Türkiyə və Azərbaycan mediası arasında əlaqələr daha da genişləndirilməlidir - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR09.02.2017

Türkiyə və Azərbaycan mediası arasında əlaqələr daha da genişləndirilməlidir



image

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Fondun qonağı olub

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun ofisində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin mətbuat müşaviri Həmid Karadenizlə görüşüb.

Vüqar Səfərli qonaqları səmimi salamlayaraq Azərbaycanın ictimai-siyasi həyatına yaxından bələd olan səfir Erkan Özoralın diplomatik səyləri ilə ikitərəfli münasibətlərin daha dinamik inkişaf edəcəyinə əminliyini vurğulayıb. Fondun fəaliyyəti barədə ətraflı məlumat verən Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dövlətin mediaya yüksək qayğısının nəticəsi kimi yaradıldığını bildirib. İcraçı direktor qeyd edib ki, Fondun əsas məqsədi fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələri maliyyələşdirməkdir. Vüqar Səfərli Fondun fəaliyyətinin xüsusən də çap mediasının üzləşdiyi problemlərin həlli baxımından əhəmiyyətini vurğulayıb.


İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 8 ilə yaxın müddətdə qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. Vüqar Səfərli Fondun hazırda 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, habelə jurnalistlər üçün müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini bildirib. İcraçı direktor mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də diplomatik korpuslarla əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə dövlət büdcəsi hesabına jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan Vüqar Səfərli bunu dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. İcraçı direktor dövlətimizin başçısının müvafiq sərəncamları əsasında 17 mərtəbəli 156 mənzilli bir fərdi yaşayış binasının 2013-cü ildə jurnalistlərin istifadəsinə verildiyini, 17 mərtəbəli 255 mənzilli ikinci binanın isə 2017-ci ildə istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə reallaşdırılan layihələr barədə məlumat verən Vüqar Səfərli Fondun Türkiyə və digər türkdilli dövlətlərin media qurumları arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Son illərdə bu istiqamətdə müəyyən layihələrin reallaşdırıldığını, Türkdilli Ölkələrin Media Platformasının yaradıldığını diqqətə çatdıran Vüqar Səfərli Turkiyə ilə Azərbaycan mediası arasında daha sıx və işgüzar əlaqələrin qurulmasının vacibliyini qeyd edib. Bədnam erməni lobbisinin səyləri ilə Türkiyə və Azərbaycanla bağlı iftira xarakterli informasiyaların yayıldığını deyən icraçı direktor hər iki ölkənin mediasının buna qarşı birgə səylərinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Vüqar Səfərli bildirib ki, Ermənistanın heç bir tarixi-hüquqi əsasa söykənməyən qondarma "soyqırımı" təbliğatına tutarlı cavab olaraq ermənilərin törətdikləri Xocalı və Quba soyqırımları, habelə digər vandalizm aktları ilə bağlı fotogörüntülər dünya mediasında geniş şəkildə yayımlanmalıdır.

Fondun Türkiyənin media sahəsindəki zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdıran V.Səfərli bu məqsədlə ötən illərdə jurnalistlərin qardaş ölkəyə işgüzar səfərlərinin təşkil edildiyini bildirib. İcraçı direktor 2016-cı ilin dekabr ayında Fondun təşkilatçılığı və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyilə 20 nəfər media təmsilçisinin Ankara şəhərinə gerçəkləşən səfərinin də uğurlu olduğunu, dövlət və hökumət rəsmiləri, media qurumlarının rəhbərləri ilə səmərəli görüşlərin keçirildiyini bildirib. V.Səfərli bu il daha bir səfərin Türkiyənin İstanbul şəhərinə planlaşdırıldığını diqqətə çatdırıb.

Fondun icraçı direktoru səfirlə görüş zamanı media sahəsində daha səmərəli əlaqələrin qurulması məqsədilə yeni əməkdaşlıq platformasının yaradılmasının və qarşılıqlı faydalı səfərlərin zəruriliyini də qeyd edib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral səmimi qəbula görə təşəkkürünü bildirərək müxtəlif sahələrdə dinamik inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında hər iki ölkənin mediasının müstəsna rolunu qeyd edib. Səfir Fondun icraçı direktorunun iki ölkənin KİV-ləri arasında əməkdaşlığın daha da genişləndirilməsi təşəbbüsünü dəstəkləyərək bu məsələni xüsusi diqqət mərkəzində saxlayacağını bildirib. O, Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkili üçün səfirlik tərəfindən bəzi layihələrin reallaşdırılacağını da diqqətə çatdırıb. Səfir Fondla əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək Bakı şəhərinin Nuru Paşanın rəhbərlik etdiyi türk ordusunun köməyilə bolşevik-daşnak qruplaşmasından azad olunmasının 100-cü ildönümü ilə əlaqədar Fondla birgə müsabiqənin keçirilməsini təklif edib.

Fondun icraçı direktoru Vüqar Səfərli təklifi yüksək dəyərləndirərək Türkiyə və Azərbaycan mediasının qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsindəki roluna görə səfir Erkan Özorala təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.




Bu yazı 2 dəfə oxunmuşdur.