Xaçmaz şəhərində regional konfrans keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR09.08.2016

Xaçmaz şəhərində regional konfrans keçirilib



image

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Şimal regionu üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq multikulturalizm ili çərçivəsində belə bir tədbirin təşkilinin rayonun dini-milli dözümlülük və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib. Ş.Xanbabayev Şimal bölgəsinin dini tolerantlıq və multikulturalizm sahəsində mühüm uğurlara imza atdığını, Xaçmazda 22 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadıqlarını xüsusi vurğulayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində respublikamızın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini, burada müxtəlif beynəlxalq tədbirlərin təşkil edildiyini, habelə bu günlərdə Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini diqqətə çəkib. Ş.Xanbabayevin sözlərinə görə, Azərbaycanda təşkil olunan müxtəlif beynəlxalq tədbirlər xalqımızın multikultural dəyərlərə sıx bağlılığını bütün dünyaya nümayiş etdirir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı millətlərarası münasibətlərin inkişaf etdirilməsində, eləcə də multikultural dəyərlərin təşviqində kütləvi informasiya vasitələrinin mühüm rolunu önə çəkərək Fondun yerli icra hakimiyyəti orqanları ilə media qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsindəli xidmətlərini də xüsusi vurğulayıb və sözü icraçı direktor Vüqar Səfərliyə verib.

Qonaqları salamlayan Vüqar Səfərli multikulturalizm ili çərçivəsində belə bir tədbirin Xaçmazda keçirilməsini rayonun dini-milli tolerantlıq və etnik dözümlülük sahəsindəki mühüm uğurları ilə izah edib. Azərbaycanda tarixən müxtəlif millətlərin, dini-etnik icmaların dinc və mehriban şəraitində yaşadıqlarını vurğulayan Vüqar Səfərli əlavə edib ki, hazırda Xaçmaz, Quba, Qusar, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Gədəbəy və digər rayonların timsalında multikultural ənənələr daha da inkişaf edir, nəsildən-nəslə ötürülür.

Vüqar Səfərli ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin bu sahədə mühüm uğurlar əldə etdiyini xatırladaraq bu siyasətin son 13 ildə uğurla davam etdirildiyini vurğulayıb. İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən mötəbər idman yarışları, iqtisadi və humanitar forumlar, çoxsayqlı mədəni tədbirlərin nəticəsi olaraq respublikamızdakı tolerant və multikultural muhit beynəlxalq miqyasda izlənilir və təqdir olunur.

Vüqar Səfərli bildirib ki, dövlətimizin başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi respublikamızın bu sahədə qazandığı nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir. İcraçı direktor bu baxımdan Xaçmazda keçirilən konfransın əhəmiyyətini diqqətə çəkərək Fondun multikulturalizm mövzusuna xüsusi diqqət ayırdığını, 2016-cı ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu mövzuda bir fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini, daha bir müsabiqənin hazırda davam etdiyini vurğulayıb.

İcraçı direktor KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası əsasında Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələrində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb. Vüqar Səfərli Azərbaycanın azsaylı xalqların sıx yaşadığı digər bölgələrində də bu cür konfransların keçiriləcəyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir" mövzusunda məruzəsində Azərbaycanda multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salaraq başqa dinlərə və millətlərə dözümlü münasibəti Azərbaycan xalqının həyat tərzi, habelə milli düşüncə sistemindən qaynaqlanan mənəvi-əxlaqi məsələ kimi dəyərləndirib. Komitənin sədr müavini həmçinin vurğulayıb ki, Azərbaycanda multikulturalizmin inkişafına Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslar, İslam dininin geniş yayılması ilə yanaşı, dövlətin dəstəyi də mühüm təsir göstərib. Gündüz İsmayılov, həmçinin Komitənin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov "Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda məruzəsində Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda milli-etnik və dini zəmində ciddi problemlərin baş qaldırdığını, separatçılıq meyillərinin gücləndiyini, bu sahədəki dözülməz vəziyyətin yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitləşdiyini xatırladıb. Son illərdə bu sahədə həyata keçirilən dövlət siyasətindən söz açan Ceyhun Məmmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, habelə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin yaradılmasını və faəliyyətini xüsusilə qeyd edib. O, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi tarixi uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli "Multikultural dəyərlərin təşviqində medianın rolu" mövzusunda məruzəsində bildirib ki, kütləvi informasiya vasitələri ölkədə millətlərlərarası və dinlərarası münasibətlərin inkişafını təşviq və təbliğ etməklə yanaşı, ziyanlı meyillərə qarşı adekvat münasibət göstərməlidirlər. E.Mirzəbəyliyinin sözlərinə görə, bu gün qlobal miqyasda İslamdini və müsəlmanlar əleyhinə aparılan qərəzli kampaniyaya qarşı səmərəli əks-hüsumun təşkili də vacib məsələlərdəndir. O, həmçinin vurğulayıb ki, torpaqlarımızı işğal edən edən təcavüzkar Ermənistan Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşamasının guya qeyri-mümkünlüyünü iddia etsə də, Azərbaycandakı mövcud multikultural və tolerant mühit bu cılız iddianı puça çıxarır.

Sonra məruzələr ətrafında müzakirələr başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev, İdarənin Şimal bölgəsi üzrə qazısı Naib Səttarov, Siyəzən üzrə səlahiyyətli nümayəndəsi Məmmədağa Sultanov, habelə Dağ Yəhudiləri İcmasının Quba rayonu üzrə rəhbəri Yuri Niftəliyev mövzu ətrafında fikirlərini bölüşərək Azərbaycanda müasir dünya ölkələrinə nümunə olacaq multikultural cəmiyyət modelinin formalaşdığını vurğulayıblar.

Tədbiri yekunlaşdıran Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda yürüdülən uğurlu siyasət nəticəsində ölkəmizdə bütün azsaylı xalqların nümayəndələrinin mənafeyinin təmin olunduğunu, onların Azərbaycan vətəndaşı adı altında birləşdiyini bildirib. İcraçı direktor konfransın təşkilinə görə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.






















Bu yazı 3271 dəfə oxunmuşdur.