Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR11.04.2016

Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib



image

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun jurnalist təşkilatları üçün "Azərbaycan media məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzularında elan etdiyi müsabiqəyə təqdim olunmuş sənədlərin müzakirəsi;

2. Cari məsələlər.

Gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və mediada ədəbi dilin normalarının qorunması məqsədilə Fondun 2016-cı il martın 16-da jurnalist təşkilatları üçün ənənəvi olaraq "Azərbaycanın media məkanında ədəbi dilin qorunması”, "Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqə elan etdiyini diqqətə çatdırıb.

Fondun icraçı direktoru aprelin 8-dək davam etmiş müsabiqəyə 5 təşkilatın - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı, Elektron Mediaya Yardım Fondu, Media və Mülki Cəmiyyət İctimai Birliyi və Jurnalist Qadınlar Assosiasiyasının layihə sənədləri təqdim etdiklərini bildirib. Vüqar Səfərli Fondun ekspertlərinin araşdırmalarına əsasən, Media və Mülki Cəmiyyət İctimai Birliyi və Jurnalist Qadınlar Assosiasiyasının təqdim etdikləri layihə sənədlərində bir sıra qüsur və çatışmazlıqların aşkar edildiyini diqqətə çatdırıb.

Sonra müsabiqəyə təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr aparılıb. Şura üzvlərindən Umud Mirzəyev, Müşfiq Ələsgərli, Əflatun Amaşov, Vüqar Rəhimzadə və Rəşad Məcid mediada ədəbi dilin qorunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə jurnalist təşkilatları üçün elan edilmiş müsabiqənin əhəmiyyətini önə çəkiblər. Müzakirələr zamanı Azərbaycan Mətbuat Şurasının, Jurnalistlərin Həmkarlar İttifaqının və Elektron Mediaya Yardım Fondunun təqdim etdikləri sənədlərin qaydasında olduğu, maddi-texniki bazalarının tələblərə cavab verdiyi, habelə çoxillik təcrübələri xüsusi vurğulanıb, onların layihə təklifləri müsbət dəyərləndirilib. Şura üzvləri sənədlərində aşkar olunmuş ciddi qüsurlarla əlaqədar Media və Mülki Cəmiyyət İctimai Birliyinə və Jurnalist Qadınlar Assosiasiyasına maliyyə vəsaitinin ayrılmasını məqsədəuyğun hesab etmədiklərini bildiriblər.

Müzakirələrin yekununda müsabiqəyə sənəd təqdim etmiş 5 təşkilatdan 3-nün - Azərbaycan Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı və Elektron Mediaya Yardım Fondunun müsabiqənin qalibləri elan edilməsi, onların hər birinə mərhələli şəkildə (hər dəfəyə 10.000 (on min manat) olmaqla) 20.000 (iyirmi min) manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.