Fond "Azərsu" ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan etdi - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR31.03.2016

Fond "Azərsu" ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan etdi



image

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə "Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans keçirilib.

Konfransda Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, habelə ölkədə fəaliyyət göstərən 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq kütləvi informasiya vasitələrinin dövlət və cəmiyyət həyatındakı müstəsna rolundan söz açıb. Rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən Qorxmaz Hüseynov Fondun dəstəyi ilə keçirilən görüşün ictimaiyyətin "Azərsu" ASC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə dolğun şəkildə məlumatlandırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib: "Bütün dövlət təşkilatları kimi "Azərsu" ASC-nin də fəaliyyətinin ictimaiyyətə çatdırılmasında media başlıca rol oynayır. Cəmiyyətimizin əsas məqsədi istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su və kanalizasiya xidmətləri ilə təchiz etməkdir. Bu sahədə istehlakçıların qarşılaşdığı problemlərin aşkarlanması və bizə çatdırılmasında mətbuat orqanlarının üzərinə böyük vəzifə düşür. Mətbuatla əməkdaşlığın daha da genişləndirilməsi son nəticədə ümumi işin xeyrinədir və istehlakçıların maraqlarına xidmət edir".

Daha sonra görüşün məqsədi barədə danışmaq üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilinə verdiyi dəstəyə görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib və qurumun ölkənin su təsərrüfatının yenidənqurulması sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Vüqar Səfərli daha sonra ölkə rəhbərliyinin kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmini, habelə fikir, söz və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl tədbirlər həyata keçirdiyini xatırladıb. Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün ölkə başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.

İcraçı direktor bildirib ki, Fondun yaradılmasında başlıca məqsəd ölkədə fikir, söz və məlumat azadlıqlarının daha da genişləndirilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması olub. Vüqar Səfərli ötən 7 ildə Fondun bu və digər istiqamətlərdə həyata keçirdiyi prioritet layihələr barədə də ətraflı məlumat verib.

Çıxışını davam etdirən icraçı direktor Fondun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə dövlət qurumları ilə birgə tədbirlər və fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini, "Azərsu" ASC-də keçirilən konfransın qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə sanballı töhfə verəcəyini vurğulayıb.

Konfransda geniş məruzə ilə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə son illər paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında su təsərrüfatının müasirləşdirilməsi, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı məqsədilə reallaşdırdığı çoxsaylı layihələr barədə məlumat verib. Tarixə ekskurs edən Qorxmaz Hüseynov 2017-ci ildə "Şollar" su kəmərinin 100 illik yubileyinin keçiriləcəyini bildirməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə - ötən əsrin 70-80-cı illərdə respublikanın su təsərrüfatının inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən söz açıb. "Azərsu" ASC-nin sədri ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə əhalinin içməli su ilə təminatı sahəsində həyata keçirilən layihələrdən söz açıb.

Qorxmaz Hüseynov bu islahatların son 13 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə inamla davam etdirildiyini, ölkə əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə "master-plan"ın hazırlanaraq həyata keçirildiyini vurğulayıb. "Azərsu" ASC-nin sədri Ceyranbatan su anbarının yenidən qurulması, Taxtakörpu su anbarını inşası, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və digər layihələrin reallaşdırılması nəticəsində paytaxt əhalisinin 80 faizinin keyfiyyətli və fasiləsiz su ilə təmin olunduğunu diqqətə çatdırıb. Qorxmaz Hüseynov çıxışında respublika ərazisinda kanalizasiya sistemlərinin yenidən qurulması, yeni yağış kollektorlarının inşası istiqamətində planlaşdırılan qlobal layihələr barədə də ətraflı məlumat verib.

Konfransda çıxış edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Təhsil Problemləri" qəzetinin baş redaktoru Malik Qurbanov, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova və başqaları tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar. Tədbirdə KİV rəhbərlərini maraqlandıran suallar da ətraflı cavablandırılıb.

V.Səfərli bildirib ki, 2009-cu ildən Fonda dövlət büdcəsindən 20 milyon manatdan çox vəsait ayrılıb. İcraçı direktor onu da bildirib ki, Fondun və "Azərsu" ASC-nun rəhbərliyi "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" movzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirmək barədə qərar qəbul edib. Qeyd edilib ki, birgə müsabiqənin təşkilində məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

Müzakirələrin sonunda Fondun icraçı direktoru Vüqar Səfərli tədbirin "Azərsu" ASC ilə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edərək qurumun rəhbərliyinə təşəkkürünü bildirib.

Konfransı yekunlaşdıran "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov öz növbəsində tədbirin və birgə müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, həmçinin KİV-lərin iştirakı ilə belə görüşlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.




Bu yazı 527 dəfə oxunmuşdur.