Yevlaxda informasiya əldə etmək sahəsində qanunvericiliyin şərhi məqsədilə regional konfrans keçirilmişdir - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR28.12.2015

Yevlaxda informasiya əldə etmək sahəsində qanunvericiliyin şərhi məqsədilə regional konfrans keçirilmişdir



image

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İnformasiya əldə etmək haqqında" qanunun şərhi sahəsində region KİV-lərin maarifləndirilməsi" mövzusunda konfrans keçirilib.

Tədbirdə rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, yerli icra orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, habelə Bakıda fəaliyyət göstərən bir sıra aparıcı qəzetlərin baş redaktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov qonaqları salamlayaraq cəmiyyət həyatının ən müxtəlif sahələri ilə bağlı yeniliklərin ictimaiyyətə operativ, dolğun və obyektiv şəkildə çatdırılmasında ölkə KİV-lərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Q.Səmədov Yevlax rayonunda keçirilən konfransın rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulması, habelə jurnalistlərin informasiya əldə etmək sahəsində maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra söz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor Yevlax ictimaiyyətini salamlayaraq tədbirin təşkilinə göstərdiyi köməyə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. Rayonda həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işlərini yüksək dəyərləndirən V.Səfərli Yevlaxın simasının son illərdə əsaslı şəkildə dəyişdiyini vurğulayıb.

Yekunlaşmaqda olan 2015-ci ilin Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olduğunu deyən Vüqar Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri adlar, orden, medal və fəxri diplomlarla təltif edildiyini, eləcə də Milli Məclisə seçkilərin keçirilməsini və digər mühüm məqamları diqqətə çatdırıb.

İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib.

Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. O, Yevlax rayonunda keçirilən konfransın region jurnalistlərinin maarifləndirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, ölkədə demokratik dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri də informasiyalı cəmiyyətin yaradılmasıdır. O, «İnformasiya əldə etmək haqqında» Qanunu özündə informasiya əldə edilməsi prosesinin bu qanunun qəbulunadək olan məsələlərini istər təcrübi, istərsə də nəzəri baxımdan daha təkmil birləşdirən sənəd kimi dəyərləndirib.

Ə.Amaşov qanunda informasiya əldə edilməsinin prinsiplərinin yetərincə əhatəli təsvir edilməsinə diqqət çəkib. Milli Məclisin deputatı bu baxımdan informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təminatı, informasiyanın əldə olunmasının qanuniliyi, informasiyanın maksimum açıqlığı, informasiya sorğusunun vaxtında təmin edilməsi, informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması məsələlərini xüsusi qeyd edib.

Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "İnformasiya əldə etmək haqqında qanunvericilik" və jurnalistlərin hüquqi məsuliyyət normaları" mövzusunda məruzəsində informasiya almaq haqqında qanunvericiliyin cəmiyyətin inkişaf tempinə adekvat olaraq təşmilləşdirildiyini bildirib. Ekspert "İnformasiya əldə etmək haqqında" Qanuna, habelə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikləri geniş təhlil edərək hüquqi təkmilləşdirmələrin istər jurnalistlərin məsuliyyətinin artırılması, istərsə də onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "İnformasiya əldə etmək sahəsində real vəziyyət və praktiki fəaliyyət imkanları" mövzusunda məruzəsində informasiyanın qədim dövrlərdən indiyədək cəmiyyət və dövlət həyatında, ölkələrarası münasibətlərin tənzimlənməsində, ümumən hər bir vətəndaşın taleyində oynadığı mühüm rolu diqqətə çəkib. Ekspert informasiyanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda verilməsinin cəmiyyətin sivil inkişaf tempinin, habelə ölkənin iqtisadi, siyasi və informasiya təhlükəsizliyinin təmini, vətəndaşların mənafeyinin qorunması baxımından zəruriliyini konkret faktlarla əsaslandırıb.

Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fondun təşəbbüsü ilə keçirilən konfransın regionlarda vətəndaşların və KİV-lərin informasiya əldə etmək sahəsində maarifləndirilməsində mühüm rol oynadığını bildirib. O, həmçinin Mətbuat Şurasının reket jurnalistika ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən söz açıb.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev çıxışında qeyd edib ki, informasiya əldə etmək haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədəki yeniliklərin ictimaiyyətə izahı cəmiyyətdə şəffaflığın, məmur məsuliyyətinin artırılmasında və dövlət qurumlarının ictimaiyyətə açıqlığının təmin edilməsində vacib amillərdən biridir.

Müzakirələrə yekun vuran Fondun icraçı direktoru V.Səfərli aparılan müzakirələrin kütləvi informasiya vasitələri ilə rayonun müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi, region jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ümümən vətəndaşların informasiya əldə etmək sahəsində maarifləndirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib.

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov öz növbəsində rayonda belə bir konfransın keçirilməsinin əhəmiyyətini bir daha xüsusi vurğulayaraq, Fondun rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.