Fondun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR25.12.2015

Fondun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar



image

Dekabrın 25-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səslənilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 2015-ci ilin respublikamız üçün əlamətdar hadisələrlə zəngin olduğunu, tarixdə ilk dəfə Bakıda keçirilmiş Avropa Oyunlarının milli həqiqətlərin beynəlxalq miqyasda daha dolğun təbliği, habelə Azərbaycanın siyasi, iqtisadi və idman imicinin yüksəldilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, bu il Azərbaycan mediası üçün ən mühüm hadisələrdən biri də Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin regionlarda və paytaxt Bakıda təntənəli şəkildə keçirilməsi olub: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Fondun və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyul ayı ərzində Zərdab, Gəncə, Qəbələ, Masallı və Quba rayonlarında icra hakimiyyəti orqanlarının, yerli və mərkəzi mətbuatın nümayəndələrinin iştirakı ilə konfranslar keçirilib. Həmin konfranslarda milli mətbuatın keçdiyi tərəqqi yoluna, müasir inkişaf təmayüllərinə, region mətbuatı ilə bağlı bəzi problemlərə nəzər salınıb, qarşılıqlı faydalı müzakirələr aparılıb, qərarlar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 20 iyul tarixdə imzaladığı sərəncamlarla ölkə jurnalistikasının inkişafında xidmətləri olan 180 nəfər jurnalist fəxri ad, orden, medal və fəxri diplomlarla təltif ediliblər".

Fondun 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı geniş hesabatla çıxış edən V.Səfərli mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor Fondun 2015-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 34 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazı dərc edildiyini bildirib.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan başqa, Fond il ərzində Qaradağ, Binəqədi və Nizami rayon icra hakimiyyətləri, Milli Olimpiya Komitəsi, "Azərbaycan Hava Yolları" QSC, Dövlət Statistika Komitəsi, "Azərilmə" Xalçaçılıq Mərkəzi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə 8 müsabiqə keçirib. Ümumilikdə, il ərzində keçirilmiş 11 müsabiqədə 716 nəfər jurnalist iştirak edib, onlardan 434 nəfəri qalib olaraq mükafatlandırılıb.

V.Səfərli Fondun 2015-ci ildə "Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə 6 ay aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını və müvafiq təkliflərin irəli sürüldüyünü bildirib.

V.Səfərli Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə də ətraflı məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə 60 kütləvi informasiya vasitəsindən 156 yazı daxil olub, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib, Müşahidə Şurasının qərarı əsasında 113 nəfər jurnalist qalib elan edilib: "Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırılıblar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş jurnalistləri mükafatlandıracağıq".

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova verilib. Tədbir iştirakçılarını salamlayan Əli Həsənov qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb və kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib".

Prezidentin köməkçisi bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşr, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir: "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında və Gəncə şəhərində regional konfranslar keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, habelə rayon və şəhər icra hakimiyyətləri milli mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər".

Əli Həsənov deyib ki, dövlətimizin başçısının sərəncamına uyğun olaraq Prezident Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-dək təqdimat daxil olub. Azərbaycan Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamlarına əsasən, Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeninə, 4 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeninə, 44 nəfər "Əməkdar jurnalist” fəxri adına, 17 nəfər "Əməkdar mədəniyyət işçisi” fəxri adına, 91 nəfər "Tərəqqi” medalına və 21 nəfər Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb.

Əli Həsənov vurğulayıb ki, iyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib və geniş nitq söyləyib. Dövlətimizin başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, mövcud problemlər və onların həlli ilə bağlı öz dəyərli fikirlərini bölüşüb. Prezidentin köməkçisi vurğulayıb ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib.

Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzilli binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzilli binanın tikintisi davam etdirilib. Mənzillərin 2016-cı ildə jurnalistlərə verilməsi planlaşdırılır.

Prezidentin köməkçisi vurğulayıb ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər.

Sonra Fondun31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qalib jurnalistləri təbrik edib, habelə belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən söz açıb. O, Prezident İlham Əliyevin mediaya əsil dost münasibəti göstərdiyini bildirib, habelə onların sosial-məişət problemlərinin həllinə həssas münasibətini yüksək dəyərləndirib.

Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.