Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR23.07.2015

Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib



image

İyulun 22-də Gülüstan sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub.


Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim olundu.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim etdi.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun kütləvi informasiya vasitələri arasında "Birinci Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırıldı.

Fondun ekspertlərinin apardıqları monitorinqin nəticələrinə görə, müsabiqədə birinci yerə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti layiq görülüb. Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC müsabiqədə ikinci yeri tutub. "Azad Azərbaycan” Teleradio Kompaniyası da müsabiqədə ikinci yerə layiq görülüb. Müsabiqədə üçüncü yerləri isə "Azərbaycan” qəzeti, "Trend” İnformasiya Agentliyi və "APA Holdinq” tutublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Birinci Avropa Oyunları dövründə Azərbaycanın milli maraqlarının təbliği sahəsində səmərəli fəaliyyətə” görə xüsusi mükafatına isə "Lider TV və Radio Azərbaycan” MMC, " Xəzər TV” MMC və "Səs” media qrupu layiq görülüblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova "UBM Group” şirkətinin "Birinci Avropa Oyunlarına xüsusi informasiya dəstəyinə görə” mükafatı təqdim olunub. Prezidentin köməkçisinə, həmçinin "Azərbaycanın milli maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə” "Paşabank”ın və "Bakcell” şirkətinin xüsusi mükafatları təqdim edilib.

Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident Administrasiyasının ictimai–siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə və şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanovaya "UBM Group” şirkətinin mükafatları təqdim olunub.

Sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının təqdimatı olub. Üç dərəcə üzrə təqdim edilən mükafatlar milli mətbuatımızın inkişafında xidmətləri olan şəxslərə və KİV-lərə verilib. Ali Media Mükafatının birinci dərəcəsinə "Kaspi” qəzeti layiq görülüb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul – Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə mükafatlar təqdim edilib.

Dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat xidmətlərinin və KİV-lərin rəhbərləri üçün "Bakcell” şirkəti tərəfindən hazırlanmış mükafatların mərasimdə təqdimatı olub.

Sonda xatirə şəkili çəkdirilib.

Mərasim konsert proqramı ilə davam edib.