Fond jurnalistlər və KİV üçün müsabiqələr elan edib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR25.05.2015

Fond jurnalistlər və KİV üçün müsabiqələr elan edib



image

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi;

2."I Avropa oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda müsabiqənin qaydalarının müzakirəsi və təsdiqi.

3. Cari məsələlər.

Müşahidə Şurasının sədri gündəlikdə olan birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.İcraçı direktor Azərbaycan milli mətbuatının 140 illik yubileyinin ölkə mediası üçün əlamətdar hadisə olduğunu bildirərək bu münasibətlə növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. Vüqar Səfərli, müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu təklif edib. İcraçı direktor, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb.

Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov və Rəşad Məcid təklifi yüksək dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin yekununda müsabiqənin 2015-ci il mayın 27-dən iyulun 9-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli iqtisadi sahədə dinamik inkişaf edən, demokratikləşmə, fikir, söz və mətbuat azadlıqlarının təminatı sahəsində böyük uğurlara imza atan Azərbaycanın son illər beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini bildirib. Vüqar Səfərli iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayaraq bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından KİV-in üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd edib. O, KİV-in Avropa Oyunları barədə daha dolğun məlumatlar hazırlaması və yaymasını stimullaşdırılmaq məqsədilə Fondun "I Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda keçirəcəyi müsabiqə barədə ətraflı məlumat verib.

Mayın 26-dan iyulun 1-dək davam edəcək müsabiqədə qəzetlərlə yanaşı, televiziyaların, informasiya agentliklərinin və xəbər saytlarının da iştirak edəcəyini deyən Vüqar Səfərli I yer üçün 1 KİV olmaqla 30 000, II yer üçün 2 KİV olmaqla 15 000, III yer üçün 2 KİV olmaqla 10 000 manat məbləğində mükafatın nəzərdə tutulduğunu bildirib.

Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Əflatun Amaşov, Rəşad Məcid, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərli belə bir müsabiqənin təşkilini ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən mötəbər idman tədbirinə sanballı töhfə kimi dəyərləndiriblər. Müzakirələr zamanı bu fikir də xüsusi qeyd olunub ki, müsabiqə I Avropa Oyunlarının KİV-də daha geniş və operativ şəkildə işıqlandırılmasını təmin etməklə yanaşı, jurnalistlərin yaradıcı əməyini stimullaşdıracaq. Müzakirələrin sonunda müsabiqə qaydaları yekdilliklə qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.




Bu yazı 2343 dəfə oxunmuşdur.