Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib - WWW.KIVDF.GOV.AZ
XƏBƏRLƏR15.05.2015

Fondun Мüşahidə Şurasının növbəti iclası keçirilib



image

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun jurnalist təşkilatları üçün "Azərbaycan media məkanında ədəbi dilin qorunması” və "Jurnalist peşəkarlığının artırılması” mövzularında elan etdiyi müsabiqəyə təqdim olunmuş sənədlərin müzakirəsi;

2. Cari məsələlər.

Gündəlikdə olan birinci məsələ barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor jurnalistlərin peşəkarlığının yüksəldilməsi və mətbuatda ədəbi dilin normalarının qorunması məqsədilə 2015-ci ilin aprel ayında jurnalist təşkilatları üçün ənənəvi olaraq "Azərbaycanın media məkanında ədəbi dilin qorunması” və "Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqənin elan edildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru müsabiqəyə 3 təşkilatın - Azərbaycan Mətbuat Şurasının, Jurnalistlərin Həmkarlar İttifaqının və Elektron Mediaya Yardım Fondunun layihə təklifi təqdim etdiklərini bildirib. Vüqar Səfərli hər üç təşkilatın Fonda təqdim etdiyi layihə təkliflərinin Fondun ekspertləri tərəfindən araşdırıldığını və sənədlərin müsabiqənin şərtlərinə cavab verdiyini vurğulayıb.

Sonra layihə təklifləri ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının üzvlərindən - Vüqar Rəhimzadə və İntiqam Hümbətov Fondun mediada ədəbi dilin qorunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirdiyi müsabiqənin əhəmiyyətini diqqətə çəkərək müzakirəyə çıxarılan layihə təkliflərini müsbət dəyərləndiriblər.

Müzakirələrin yekununda müsabiqəyə sənəd təqdim etmiş hər üç təşkilatın qalib elan edilməsi, onların hər birinə mərhələli şəkildə (iki dəfəyə) olmaqla 20 000 (iyirmi min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı Vüqar Səfərli 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının ölkəmiz üçün müstəsna əhəmiyyətindən söz açıb. İcraçı direktor əlamətdar idman tədbiri ərəfəsində Fondun Milli Olimpiya Komitəsi ilə birgə "I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan etdiyini, nəticələrin yaxın günlərdə açıqlanacağını şura üzvlərinin diqqətə çatdırıb.






Bu yazı 1022 dəfə oxunmuşdur.