23.07.201022 iyul 2010-cu il tarixdə “Gülüstan” sarayında Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi
Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev KİV nümayəndələrini bayram münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı.
Cənab Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyun 2010-cu il tarixli sərəncamını yüksək qiymətləndirərək, ölkənin rayon və şəhərlərində milli mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlərin keçiriləcəyini bildirdi.
Prezident Administrasiyasının rəhbəri 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi konsepsiyası çərçivəsində bir sıra tədbirlərin görülməsi üçün Prezidentin Sərəncamı ilə prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldığını qeyd etdi. O, Azərbaycan mətbuatının 135 illik tarixi barədə geniş məlumat verdi.
Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamları oxuyub. Sərəncama əsasən, 38 nəfər "Tərəqqi" medalına, 38 nəfər "Əməkdar jurnalist", 15 nəfər "Əməkdar mədəniyyət işçisi", 1 nəfər isə "Əməkdar mühəndis" adına layiq görülüb. Prezidentin digər sərəncamı ilə 8 informasiya agentliyinin hər birinə 10 min manat, 32 qəzet redaksiyasının hər birinə isə 20 min manat məbləğində birdəfəlik yardım ayrılıb.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuatın inkişafının daim dövlət başçısının diqqət mərkəzində olduğunu bildirdi. O, yubileylə bağlı Fondun keçirdiyini müsabiqə barədə ətraflı məlumat verərək Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevi müsabiqənin qaliblərinə mükafatları təqdim etmək üçün dəvət etdi. Bundan sonra cənab Ramiz Mehdiyev qaliblərə Fondun xüsusi diplomlarını təqdim etdi.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında mətbuatımızın "Əkinçi" qəzeti kimi bir qəzetlə başlanmasının qürurverici olduğunu söylədi. Şuranın yubiley münasibətinə mətbuat nümayəndələrinə "Ali Media Mükafatı" təyin etdiyini deyən Ə.Amaşov mükafatın 3 dərəcədən ibarət olduğunu qeyd etdi. O, bildirdi ki, 1-ci dərəcə bir, 2-ci dərəcə 2, 3-cü dərəcə isə 3 mükafatdan ibarətdir. Qaliblərə "Ali Media Mükafatı" təqdim edildi.
Mərasim rəsmi hissədən sonra konsert proqramı ilə davam etdirildi.























