WWW.KIVDF.GOV.AZ
Müsabiqələrin təşkili qaydaları

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı keçirdiyi müsabiqənin

QAYDALARI

Bakı şəhəri

3 noyabr 2009-cu il

Müşahidə Şurasının iclasında təsdiq edilmişdir.

1. Ümumi müddəalar

1.1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda (bundan sonra - Konsepsiya) əks olunmuş prioritet sahələr üzrə fərdi jurnalist yazılarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra - Fond) tərəfindən mükafatlandırılması ilə bağlı məsələləri tənzimləyir.

1.2. Müsabiqə Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda jurnalistlərin rolunun artırılmasını, dövlət və cəmiyyət üçün vacib məsələlərin həllində onların imkanlarından səmərəli istifadə edilməsini, habelə jurnalistlərin fərdi yaradıcılıq potensialının stimullaşdırılmasını, peşəkarlığının yüksəldilməsini, sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

1.3. Qaydalar Fondun Müşahidə Şurasının rəyi əsasında Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir.

2. Müsabiqəyə təqdim ediləcək fərdi jurnalist yazılarına dair əsas sahələr

2.1. Müsabiqəyə təqdim edilən fərdi jurnalist yazılarına dair dövlət dəstəyinin prioritet sahələri Konsepsiyada əks olunmuşdur.

3. Müsabiqədə iştirak

3.1. Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz işləyən, materialları müntəzəm dərc edilən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.


4. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

4.1 Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərin birinə uyğun olmalıdır.

4.2 Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

4.3 Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4.4 Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

4.5 Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

4.6 Yazı və müsabiqə elanı əsasında tələb olunan sənədlər Fonda şəxsən təqdim edilir.

4.7.Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda qəbul edilmir.

4.8 Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdirilir.

4.9 Yazı Fondun ekspertləri tərəfindən qiymətləndirilir və nəticələr elan edilir.

5. Müsabiqənin keçirilməsi

5.1. İstiqamətlər, müsabiqənin şərtləri, tələb olunan sənədlər və onların təqdimolunma forması və vaxtı haqqında elan verilir.

5.2. Yazıların və sənədlərin qəbulu, qeydiyyatı, qruplaşdırılması və kodlaşdırılması həyata keçirilir.

5.3. Yazılar qiymətləndirilmək üçün ekspertlərə təqdim edilir.

5.4. Yazıların qiymətləndirilməsi barədə ekspertlərin rəyləri ümumiləşdirilir.

5.5. Nəticələri yüksək qiymətləndirilmiş yazılar Müşahidə Şurasının müvafiq rəyi ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir və müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir.

Fondun Müşahidə Şurası tərəfindən 20 may 2014-cü il tarixdə (3 saylı Protokol) edilmiş dəyişikliklərlə.




Bu yazı 5866 dəfə oxunmuşdur.