Kazımov Xalid - WWW.KIVDF.GOV.AZ
Kazımov Xalid

Alternativ enerji üzrə böyük imkanlara malik nadir ölkə

Yaxın illərdə günəş, külək, su, bioqaz kimi alternativ enerji mənbələrindən yetərincə istifadə edəcəyik

Bioqaz və günəş enerjisindən istifadə ilə meşələrin qirilmasinin qarşisini almaq olar

Abdul Abdullayev Lerik rayonunun Züvüc Günqışlaq kəndində yaşayır. Abdullayevlər ailəsinin yaşadığı kənddə təbii qaz olmadığından onlar yanacaq kimi odundan istifadə edirlər. Kənd təsərrüfatı ilə məşğul olan A.Abdullayev hər qış odun almaq üçün təxminən 600 manat xərcləyir. A.Abdullayev yanacaq kimi odundan istifadə etməsini evi qızdırmaq üçün başqa vasitənin olmaması ilə izah edir. Ölkəmizdə A.Abdullayev kimi düşünənlərin sayı isə minlərlədir.
Apardığımız kiçik araşdırma göstərir ki, respublikanın təbii qaz olmayan ərazilərində yaşayan əhalinin 80 faizi istilik almaq üçün odundan istifadə edir. Əhalinin çox az bir qismi neft və elektrik sobalarından yararlanır. Hər bir ailə qış mövsümündə ən azından 3 ağac kəsir. Bununla da həyatımız üçün müstəsna əhəmiyytə malik meşələr mal-qara tərəfindən otarılmaqdan əlavə, şüurlu şəkildə qırılaraq da məhv edilir. Halbuki respublkamızın təbiəti zəngin neft qaz ehtiyatları ilə barabər həm də, alternativ enerji mənbələrinə malikdir. Respublikamızın elə bir ərazisisi yoxdur ki, orada hansısa alternativ mənbədən enerji almaq mümkün olmasın.



Dünyanın enerjiyə artan təlabatı alternativ enerji mənbələrindən istifadəni zəruri edir


Təbii resursların tükəndiyi bir vaxtda dünyanın enerjiyə ilbəil artan təlabatının ödənilməsi alternativ enerji mənbələrindən istifadəni zəruri edir. Buna görə də ekoloji cəhətdən təmiz günəş və külək enerjisinin istehsalına daha çox diqqət yetirilir. Hesablamalar göstərir ki, 500 kVts, yəni orta ölçülü istilik elektrik stansiyası qədər gücə malik külək elektrik stansiyası bir ildə 1000 tondan çox karbon qazı, 5 tonadək digər zərərli maddələrin atmosferə atılmasının qarşısını alır. Amma hazırda dünyada istehsal olunan elektrik enerjisinin cəmi 13,5 faizi alternativ mənbələrdən alınır. Yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və digər yanacaq ehtiyatlarından çox olsa da, hələlik yalnız dünyanın 70 ölkəsində günəş elektrik stansiyalarından istifadə edilir. Halbuki onun 0,0125 faizinın istifadə olunması ilə dünyanın enerji ehtiyaclarını ödəmək olardı. İl ərzində 1 kvadrat metr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts, Azərbaycanda isə 1500-2000 kVts təşkil edir. Günəş enerjisindən istifadənin üstünlüyü ondadır ki, həmin qurğular işləyən zaman «parnik effekti» yaranmır, hava çirklənmir və istilik aşağı atmosfer qatlarına yayılmır. Bu gun günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq ərazilərdə özünü daha çox doğruldur. Düzdür, qiyməti baha olduğundan (3 lampanı 4 saat yandıra biləcək qədər enerji yığan günəş qurğusu 1500 manat) hələlik günəş stansiyalarına maraq azdır. Amma ekspertlər hesab edir ki, bu sahədə araşdırmalar davam etdikcə daha sərfəli günəş qurğuları qurulacaq.


Ölkəmizin iqlim şəraiti ilin bütün fəsillərində alternativ enerji alınmasına imkan yaradır


Azərbaycan alternativ enerji üzrə potensial imkanlara malik nadir ölkələrdən biridir. Bu sahəni inkişaf etdirmək üçün ölkəmizdə kifayət qədər günəş, külək, su, bioqaz və digər enerji mənbələri mövcuddur. Statistik məlumatlara görə, Azərbaycanda ilin 260-280 günü günəşli olur. Burada il boyu küləyin sürəti saniyədə 3-dən 27 metrə qədər çatır. Küləyin sürəti saniyədə 4 metr olanda isə alınan enerji rentabelli hesab olunur. Demək, iqlim şəraiti ilin bütün fəsillərində ölkəmizdə alternativ enerji alınmasına imkan yaradır. Günəş, külək, biokütlə, geotermal mənbələr və kiçik su elektrik stansiyalarının gücündən istifadə edilməsi həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin direktor müavini Sahib Xəlilovun sözlərinə görə, Azərbaycanın 40-cı paraleldə yerləşdiyindən günəş enerjisi alınması üçün böyük potensialı var: «Günəş şüalarının düşmə mailliyi nə qədər az olsa, enerji almaq imkanları da o qədər çox olur. Abşeron, Mərkəzi Aran və bəzi dağ rayonlarında günəş enerjisindən istifadə üçün böyük imkanlar var. Hazırda Türkiyə, İsrail və Ərəb ölkələrində günəş enerjisindən yaşayış evlərini istiliklə təmin edilməsi üçün də istifadə edilir. Binaların damında qoyulan su çənləri və günəş işlədiciləri vasitəsilə su qızdırılaraq evlərə istilik verilir. Bu daha rentabellidir və az vəsait tələb edir. Resublikamızda külək, kiçik çaylar, termal sular və bioqazdan istifadənin də geniş potensialı var. Kənd yerlərində bioqazlardan istifadə daha effektivdir. Ölkəmizdə olan 8 mindən artıq çayın üzərində kiçik su elektrik satansiyaları qurmaq olar».
Beynəlxalq Ekoenerji Akademiyasının prezidenti, professor Fəqan Əliyev də alternativ enerji mənbələrindən istifadənin intensivləşdirilməsini vacib sayır: «Bunun üçün maarifçilik işi aparılmalıdır. Məsələn, Xınalıqda gözəl çaylar var. Yüksək sürətli külək az qalır qurulan qurğunun pərlərini dağıtsın, günəş çıxanda qarşısında dayanmaq olmur. Həmin mənbələrdən enerji almaqla bütün kənd əhalisinə həm elektrik, həm də istilik enerjisi vermək olar».
İqtisadçı Vüqar Bayramov da hesab edir ki, alternativ enerji mənbələrindən istifadə həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəlidir: «Alternativ mənbələrdən enerji alınması ekologiyaya ziyan vurmur. Bu gün Avropanın əksər şəhərlərində mənzilərin qızdırılmasında bu enerjidən istifadə edilir. Ölkəmizin iqlim şəraiti isə imkan verir ki, əksər rayonlarda alternativ enerji mənbələrindən istifadə olunsun. Müasir texnologiyalardan istifadə ilə alınan külək və günəş enerjisi ənənəvi enerji növlərindən daha rentabellidir».


Ucqar kəndlərin hər biri bioqaz vasitəsilə istiliklə təmin oluna bilər


Bu gün ucqar bölgələrimizin təbii qaz verilməyən hər bir kəndi bioqaz vasitəsilə istiliklə təmin oluna bilər. Üzvi tullantıların bakteriyalar vasitəsilə çürüdülməsindən alınan bioqazın tərkibi təbii qaza yaxın olub, metandan və karbon qazından ibarətdir. Bu üsulla yanacaq əldə edilməsinin üstülüyü müxtəlif məişət, kənd təsərrüfatı və yeyinti sənayesi tullantılarından istifadə edilməsidir. Həmin tullantıların adi çürüməsi zamanı ayrılan zərərli qazlar havaya qarışmır. Bu isə qlobal istiləşmə ilə mübarizənin ən yaxşı üsullarından biridir. Emaldan sonra isə tullantılar gübrə kimi istifadə olunaraq kimyəvi gübrələrin tətbiqini və qrunt sularla çirklənməni azaldır.
Bu gün Qərbi Avropada fermaların yarıdan çoxu bioqazla qızdırılır. Bioqazın payı Danimarkanın ümumi enerji balansında 18, İsveçrədə 10 faiz təşkil edir. Çin, Hindistan, Nepal, Vyetnam kimi ölkələrdə isə məişət üçün nəzərdə tutulan kiçik bioqaz qurğularından geniş istifadə edilir. Çində istifadə edilən 18 milyon belə qurğu vastəsilə 60 milyon insan yanacaqla təmin edilir.
Ekspert Fəqan Əliyev də Azərbaycanda bioqazdan istifadəni əlverişli sayır: «Sadəcə Azərbaycan vətəndaşları bu barədə o qədər də məlumatlı deyil. Halbuki Azərbaycan kəndlərinin əksər sakinləri bioqaz ala bilər. Hazırda bir ailəni istiliklə təmin etmək üçün lazım olan bioqaz qurğusunu quraşdırmağın ən bahası 2000 manata başa gəlir. Bu isə bir ailənin iki il enerji üçün işlətdiyi vəsaitdir və bu pulu xərcləməklə uzun illər istilik almaq olar. Bu ekoloji cəhətdən də səmərəli olsa da, cəmi 8 rayonda az sayda bioqaz qurğusundan isifadə edilir. Bu sahənin inkişafı üçün Azərbaycanın ucqar bölgələrində alternativ enerji almaq istəyən vətəndaşlara faizsiz kreditlər verilməlidir».


Yaxın 10 il ərzində Azərbaycanda elektrik enerjisinin 20 faizi alternativ mənbələrdən alınacaq


Azərbaycanda da son illərdə ekoloji problemlərin həllinə, ətraf mühitin qorunmasına və alternativ enerji mənbələrindən istifadəyə daha çox diqqət yetirilir. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı bu istiqamətdə atılan ən mühim addım kimi dəyərləndirilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun sözlərinə görə, respublikada külək, günəş, kiçik çaylar və geoterminal sistemlərdən enerji alınma imkanları artıq öyrənilib: «Agentlik tərəfindən Qobustanda poliqon qurulub və günəş, külək enerjisi alınır. Yaxın gələcəkdə bu imkan genişləndirilərək Qobustanın enerji təlabatı tam ödəniləcək. Ölkəmizdə təxminən 800 MVts həcmində günəş, elə o qədər də günəş enerjisi almaq mümkündür. 2020-ci ilədək 2500 MVts həcmində alternativ mənbələrdən enerji almağı düşünürük. Ölkəmizdə alternativ enerji mənbələrinin potensialını öyrənmək üçün 27 müşahidə və informasiya yığımı stansiyası qurulacaq ki, artıq onlardan 3-ü istifadəyə verilib. Həmçinin, özəl sektor da alternativ enerji alınması işinə cəlb edilib. Alternativ mənbələrdən istifadə isə enerji itkisinin qarşısını almaqla bərabər qeyri-monopol bir sistem yaranacaq».
S.Xəlilov da hesab edir ki, bu işlərin görülməsində tələskənliyə yol vermək olmaz: «Azərbaycan neft və qaz ölkəsidir və bu resurslardan istifadə olunur. Alternativ mənbələrdən enerji alınması üçün isə kiçik layihələr icra edilməklə təcrübə toplanılır. Bunun üçün tələb olunan avadanlıqlar ucuzlaşdıqca alternativ enerji alınmasına başlanılacaq. Hazırda alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə qlobal istiləşmənin qarşısının alınmasına könüllü şəkildə öz töhfəmizi veririk. Azərbaycanın bu addmı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır».
Enerji ehtiyacını daxili mənbələr hesabına ödəyən Azərbaycan bu gün Avropa dövlətlərinin enerji təminatçısı kimi də tanınır. Buna baxmayaraq alternativ enerji alınması üçün başlıca mənbə sayılan günəş, külək, su və biokütlə ilə bağlı imkanlardan daha səmərəli istifadə olunmalıdır. Xüsusən, bölgələrdə mövcud olan potensial hesabına maksimum etibarlı alternativ enerji mənbələri yaratmaq mümkündür. Amma bu sahənin daha geniş inkişafı üçün vergi və gömrük rüsumları ilə bağlı güzəşt tətbiq edilməli, özəl sektorun bu sahəyə cəlb edilməsi üçün taariflər müəyyənləşdirilməlidir.





Bu yazı 6334 dəfə oxunmuşdur.