WWW.KIVDF.GOV.AZ
Maliyyələşdirmə qaydaları

Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

Müşahidə Şurası tərəfindən

23 iyun 2009-cu il tarixdə

(3 saylı Protokol) təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-lərə maliyyə yardımı müsabiqəsinin

QAYDALARI

1. Ümumi müddəalar

1.1 Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda əks olunmuş istiqamətlər üzrə kütləvi informaiya vasitələrinin proqram, layihə və tədbirlərinin (bundan sonra - layihələr) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra - Fond) tərəfindən maliyyələşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

2. Müsabiqənin prioritet istiqamətləri

2.1. «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»na (bundan sonra – Konsepsiya) uyğun olaraq müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:

2.1.1Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

2.1.2 Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 

2.1.3 İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 

2.1.4 İctimai və dövlət maraqlarının müdafiəsi 

2.1.5 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 

2.1.6 Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

2.1.7 Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

2.1.8 Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

2.1.9 Azərbaycançılıq ideyasının təbliği

2.1.10 Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

2.1.11 İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

2.1.12 Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

2.1.13 Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə

2.1.14 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

2.1.15Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

2.1.16 Ekologiya və ətraf mühitin mühafizəsi

2.1.17 Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

2.1.18 Elm və təhsilin inkişaf etdirilməsi

2.1.19 Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi

3. Müsabiqədə iştirak

3.1. Müsabiqədə aşağıdakı qurumlar iştirak edə bilərlər:

3.1.1. Müsabiqə elan olunan günədək son üç ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən, tirajı 2500 nüsxədən və yayımı (abunə və satışı) 1000-dən az olmayan qəzetlər;

3.1.2. Müsabiqə elan olunan günədək son üç ildə müntəzəm nəşr olunan, dövriliyi ayda 1 dəfədən və tirajı 1000 nüsxədən az olmayan jurnallar;

3.1.3. Müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, son üç ildə müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri;

3.1.4. Dövlət qeydiyyatından keçmiş, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı sahəsində təcrübəsi olan jurnalist birlikləri və digər təşkilatlar.

3.2. Aşağıdakı qurumların layihələri müsabiqəyə qəbul edilmir:

3.2.1. Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

3.2.2. insan hüquqlarının pozulmasına kobud şəkildə yol vermiş və bununla əlaqədar barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;

3.2.3. fiziki və hüquqi şəxslərə borcu məhkəmə icraatı qaydasında təsdiq olunmuş;

3.2.4. əsasən reklam və erotik xarakterli materiallar dərc edən;

3.2.5. təsisçisi siyasi partiyalar olan;

3.2.6. təsisçisi dini qurumlar və dini icmalar olan;

3.2.7. nizamnamə kapitalında xarici qurumun (vətəndaşın) payı olan;

3.2.8. pulsuz və aşağı qiymətlərlə çap məhsul yayan;

3.2.9. dövlət mülkiyyətində olan, büdcədən vəsait alan;

3.3. Müsabiqədə aşağıdakı sahələrə maliyyə yardımı ayrılmır:

3.3.1. siyasi fəaliyyət;

3.3.2. dini fəaliyyət;

3.3.3. ayrı-ayrı fərdlərə maddi yardım;

3.3.4. təhsil üçün təqaüdlər.

4. Müsabiqəyə təqdim olunan layihələrə aid tələblər

4.1. Təqdim olunmuş layihə Fond tərəfindən elan olunmuş istiqamətlərin birinə uyğun olmalıdır;

4.2. müsabiqəyə bir qurum yalnız bir layihə təqdim edə bilər;

4.3. layihə təklifləri Azərbaycan dilində təqdim edilməlidir

4.4. layihə təklifləri Fonda şəxsən təqdim edilir və ya poçtla göndərilir

4.5. layihə təkliflərinə əlavə sənədlər tam olmadığı, tələb olunan məlumatlar həqiqəti əks etdirmədiyi hallarda qurumun sənədləri qəbul olunmur.

4.6. layihələrə ayrılan maliyyənin yuxarı həddi Fond tərəfindən müəyyənləşdirilir.

4.7. layihə təklifləri 1 ay müddətində Fond tərəfindən qiymətləndirilir və bu müddət bitdikdən sonra bir həftə ərzində müsabiqənin nəticələri barədə iştirakçılara və ictimaiyyətə məlumat verilir.

5. Müsabiqənin keçirilməsi

5.1. Layihələrə verilən tələblər, əlavə ediləcək zəruri sənədlər, onların təqdim olunma formaları və müddəti haqqında elan verilir;

5.2. layihə təkliflərinin qəbulu, qeydyyatı, qruplaşdırılması və kodlaşdırılması həyata keçirilir;

5.3. təqdim olunan layihə təklifləri qiymətləndirmə üçün ekspertlərə təqdim edilir;

5.4. layihə təkliflərinin qiymətləndirilməsi barədə ekspertlərin rəyləri ümumiləşdirilir;

5.5. layihə təklifləri ekspertlər tərəfindən müsbət qiymətləndirilmiş qurumların imkanlarının müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirilir, onların nümayəndələri ilə şifahi müsahibə aparılır;

5.6. ümumi nəticələri yüksək qiymətləndirilmiş layihələr Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir və müsabiqənin yekunları ilə bağlı iştirakçılara və ictimaiyyətə məlumat verilir;

5.7. müsabiqədə qalib gəlmiş qurumlarla layihənin icrası və vəsaitin istifadə şərtləri haqqında müqavilə bağlanılır;

5.8. müsabiqədə qalib gəlmiş qurumlara layihə idarə edilməsi ilə bağlı metodiki və konsultativ yardım göstərilir, təlimlər təşkil edilir;

5.9 layihələrin icrasına və maliyyə vəsaitinin müqavilə şərtlərinə uyğun istifadəsinə nəzarət həyata keçirilir;

5.10. layihələrin icrası haqqında hesabatlar qəbul edilir və qiymətləndirilir.

5.11. Layihələrin səmərəliliyini müəyyənləşdirmək üçün ictimai monitorinq aparıla bilər.

5.12. Müsabiqənin yekunları ilə bağlı ictimaiyyətə məlumat verilir.

Fondun Müşahidə Şurası tərəfindən 06 iyun 2012-ci il tarixdə (3 saylı Protokol), 28 iyun 2013-cü il tarixdə (6 saylı Protokol) və 20 may 2014-cü il tarixdə (5 saylı Protokol) edilmiş dəyişikliklərlə.





Bu yazı 11097 dəfə oxunmuşdur.