WWW.KIVDF.GOV.AZ
Qarabağ

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonları

Xankəndi - 26 dekabr 1991-ci il

Xocalı - 26.02.1992-ci il

Şuşa - 08.05.1992-ci il

Laçın - 18.05.1992-ci il

Xocavənd - 02.10.1992-ci il

Kəlbəcər - 02.04.1993-cü il

Ağdərə - 17.07.1993-cü il

Ağdam - 23.07.1993-cü il

Cəbrayıl - 23.08.1993-cü il

Füzuli - 23.08.1993-cü il

Qubadlı - 31.08.1993-cü il

Zəngilan - 29-30.10.1993-cü il

Ermənistanın Azərbaycana təcavüzü

Ermənistanla Azərbaycan arasında münaqişə

Faktlar və hadisələr

Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası dövlətindən alır. Hazırda Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə həmin dövlətin bir hissəsi olub. Qədim mənbələrə görə, Albaniyanın etnik tərkibi yerli Qafqaz və türk xalqlarına aid 26 qəbilə birləşməsindən ibarət idi. Albaniya zəngin və nadir mədəniyyətə malik idi, onun 52 hərfdən ibarət əlifbası vardı. Eramızın 313-cü ilində xristianlıq Albaniyada dövlət dini elan edildi, müstəqil alban kilsəsi fəaliyyətə başladı. Gərgin və mürəkkəb şərait Albaniyanın müstəqilliyinin uzunmüddətli olmasına imkan vermədi. Eramızın 705-ci ilində Albaniya dövləti Ərəb Xilafətinin tərkibinə qatıldı. Bundan sonra ermənilərlə Bizansa qarşı ittifaq yaradan Xilafət Albaniya ilə Bizans arasında mövcud olan sıx əlaqələri pozmaq məqsədi ilə alban kilsəsini erməni qriqorian kilsəsindən asılı vəziyyətə saldı.

Orta əsrlər dövründə Qarabağ Azərbaycanın indiki ərazisində o zaman mövcud olmuş türk müsəlman sülalələri tərəfindən idarə edilən dövlətin bir hissəsi olmuş və orada türkdilli xalqlar məskunlaşmışdı.

18-ci əsr türk (Azərbaycan) sülaləsi olan Cavanşirlərin başçılıq etdiyi Qarabağ Xanlığının yaranması ilə əlamətdardır. Bu, Azərbaycan zadəganlarının irsi sülalə ənənəsinin hökm sürdüyü Azərbaycan Xanlığı idi və burada məskunlaşmış etnik sülalələr arasında azərbaycanlılar üstünlük təşkil edirdi.

Qarabağ Xanlığı ilə Rusiya İmperiyası arasında imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra Xanlıq Rusiya İmperiyasının hökmranlığı altına keçməyə məcbur oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən sonra Rusiya İmperiyası ərazi üzərində öz nəzarətini yaratmaq və gücləndirmək məqsədi ilə müxtəlif vasitələrlə "ayır-buyur" siyasətini həyata keçirməyə başladı. İrandan və Osmanlı İmperiyasından ermənilərin Qarabağa köcürülməsi və bununla da bölgədə demoqrafik vəziyyətin süni yolla dəyişdirilməsi bu sahədə görülən genişmiqyaslı tədbirlərin bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra ərazinin etnik tərkibi tamamilə dəyişdirildi. Təkcə 1828-1830-cu illər ərzində İrandan 40.000-dən çox, Osmanlı İmperiyasından isə 84.600 erməni köçürülüb Azərbaycanda məskunlaşdırıldı.

1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş Azərbaycan xanlıqlarının (İrəvan və Naxçıvan) ərazisində erməni vilayəti yaradıldı. Bu, Osmanlı İmperiyasının arxa qapısında, münaqişə edən iki tərəf arasında dövlət qurumu yaratmaq və türkdilli xalqları bir-birindən ayırmaq məqsədi daşıyırdı. 1836-cı ildə Rusiya çarı tərəfindən alban kilsəsinin ləğv olunması alban əhalisinin qəti şəkildə Qriqorianlaşdırılması (erməniləşdirilməsi) ilə nəticələndi.

1918

28 may - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsi. Həmin gün Ermənistan Respublikasının da müstəqilliyi elan olundu;

29 may - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müstəqillik elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan Respublikasının hökumətinə İrəvan şəhərini (indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) güzəştə getdi.

4 iyun - Osmanlı İmperiyası və üç Cənubi Qafqaz Respublikası (Ermənistan, Azərbaycan və Gürcüstan) arasında Batumi Sülh Müqaviləsinin bağlanması. Osmanlı İmperiyası Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıyan ilk dövlət idi. Ermənistan tərəfindən daşnaq hökümətinin baş nazirinin imzaladığı müqaviləyə əsasən Ermənistanın sərhədləri müəyyənləşdirildi və nəticə etibarı ilə bu dövlətin 400.000 nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi dəqiqləşdirildi. Təbii ki, Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin bir hissəsi olaraq qaldı.

İyun-iyul - Sülh və mehriban qonşuluq münasibətlərinə dair razılaşmanın əksinə olaraq, Ermənistan Respublikası Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı. Naxçıvan şəhərinin işğalı, Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrinə kütləvi hücumlar 115 kəndin viran edilməsi və 7729 Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələndi. Təxminən 50.000 nəfər yurd-yuvasından didərgin düşdü.

1920

11 yanvar - Azərbaycan Respublikasının müstəqilliyinin İttifaq xalqlarının Ali Soveti tərəfindən de-fakto tanınması.

27 aprel - Azərbaycanın Sovet Rusiyasının 11-ci Qızıl Ordusu tərəfindən işğalı.

28 aprel - Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması və Azərbaycanda Sovet hakimiyyətinin qurulması.

1921

5 iyul - Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: "Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin".

Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Zəngəzur və Qazax rayonunun bir hissəsi (9.000 kv.km.) Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın ümumilikdə 20.000 kv.km. ərazisi Ermənistana verilmişdir.

1923

7 iyun - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması" haqqında fərmanı qəbul edildi; eyni zamanda, Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət verilmədi.

1948-1953

Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşayıb və bu da azərbaycanlıların Ermənistandan kütləvi deportasiyaları ilə nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı rayonlarına köçürülüb.

1987

18 noyabr - Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı.

Noyabr-dekabr - Yerevanda (Ermənistan) Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi.

1988

Yanvar - Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi.

Fevral - Münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü.

28-29 fevral - Sumqayıtda kütləvi iğtişaşlar baş verdi, nəticədə müxtəlif millətlərə mənsub insanlar, ermənilər, azərbaycanlılar və ruslar da daxil olmaqla, 32 nəfər öldürüldü. Cinayətkar qrupa şəxsən 5 nəfər ermənini öldürən və 6 erməni qadını zorlayan erməni Eduard Qriqoryan başçılıq edirdi.

18 iyul - SSRİ Ali Sovetinin Rəyasət Heyətinin geniş iclası Dağlıq Qarabağın Azərbaycan SSR-nin ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi.

27-29 noyabr - Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü.

Dekabr - Ermənistan SSR-də 220.000 - dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı.

1989

29 iyul - Azərbaycandan Ermənistana gedən dəmiryol xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlandı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən təcrid edilməsi başlandı.

1 dekabr - Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.

1990

13 yanvar - SSR Daxili İşlər Nazirliyinin əmri ilə Bakı polisi tərksilah edildi. Bunun nəticəsində sonrakı günlərdə (13-16 yanvar) Bakıda baş verən iğtişaşların qarşısını almaq mümkün olmadı.

20 yanvar - Sovet Ordusu Bakıya soxularaq yüzlərlə yerli sakini qətlə yetirdi. Uşaqlar, qadınlar və qocalar vandalizmin ilk qurbanları oldular. Rəsmi statistikaya görə 150 nəfər öldürülmüş, 700 nəfər yaralanmışdır.

1991

2 sentyabr - Ermənilər Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasını elan etdilər. "Dağlıq Qarabağ respublikasının özünümüdafiə dəstələri" adı altında 15.000 nəfərdən ibarət qanunsuz silahlı qruplar təşkil olundu.

23 sentyabr - Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Jeleznovodskda (Rusiya) keçirilən görüşü. Münaqişənin sülh yolu ilə həll olunması barədə razılıq əldə edildi.

Oktyabr-noyabr - Əldə edilmiş razılığa baxmayaraq, erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocalı (Martuni) və Hadrut rayonlarının azərbaycanlı əhalisinə qarşı kütləvi hücumlara başladı. 30 -a yaxın kənd işğal olunaraq viran edildi və sakinlər öz evlərindən didərgin salındı.

20 noyabr - Erməni terrorçuları Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Rusiya və Qazaxıstanın yüksək vəzifəli şəxslərini, eləcə də o vaxtkı Azərbaycan rəhbərliyinin bir qrup üzvünü aparan "Mİ-8" mülki vertolyotuna atəş açdılar. 22 nəfərin qətli Jeleznovodskda Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həllinə yönəldilən ilk cəhdin sonu oldu və bu da təcavüzün daha da genişlənməsinə təkan verdi.

1992

30-31 yanvar - Praqada ATƏT-in ikinci toplantısı Azərbaycan və Ermənistan ATƏT-ə üzv qəbul edildilər.

25-26 fevral - ATƏT-ə üzv olduqdan dərhal sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağda yerləşən Xocalı şəhərinin əhalisinə qarşı soyqırımı törətdilər. Rusiyanın Xankəndində yerləşən 366-cı alayının böyük dəstəyi ilə Ermənistan ordusu 613 nəfəri (o cümlədən, 63 uşağı, 106 qadını, 70 qocanı) qəddarcasına qətlə yetirdi və şəhəri yerlə-yeksan etdi. 487 nəfər, o cümlədən 76 uşaq yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər hələ də itkin düşdü.

28 fevral - Praqada ATƏT Komitəsinin yüksək vəzifəli rəsmlərinin yeddinci görüşü. Bu görüş tərəfləri yubatmadan Azərbaycanın Dağlıq Qarabağ ərazisində atəşkəs elan etməyə, yalnız sülh yolu ilə və ümumi razılıqla dəyişdirilməsi mümkün olan daxili və xarici sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmağa, bütün ərazi iddialarından, eləcə də düşməncəsinə təbliğatın bütün növlərindən imtina etməyə çağırdı.

Fevralın sonu - Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının Xankəndindən Rusiyaya köçürülməsi, 25 tankın, 87 zirehli döyüş maşınının, 28 piyada döyüş maşınının 45 artilleriya top sisteminin erməni separatçılarına qanunsuz verilməsi.

11 mart - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin mülki əhalisinə qarşı yönəldilmiş zorakılıq və hücumları pisləyən bəyanatı.

24 mart - ATƏT Şurasının birinci əlavə Helsinki görüşü. ATƏT-in sədrliyi altında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın təşkil olunması barədə qərar.

7 may - Azərbaycan və Ermənistan dövlət başçılarının İranın vasitəçiliyi ilə Tehranda görüşü. Görüş Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına və münaqişənin sülh yolu ilə həllinə həsr olunmuşdu. Dövlət başçıları görüşün sonunda kommunike imzaladılar;

8 may - Tehranda kommunikenin imzalanması ilə eyni vaxtda Ermənistan Dağlıq Qarabağın Şuşa şəhərini (əhalisinin 91.7 % azərbaycanlılardan ibarət idi) işğal etdi. Şuşanın işğalı nəticəsində 20 mindən çox azərbaycanlı yurd-yuvasından didərgin düşdü.

17 may - Helsinkidə ATƏT- in yüksək vəzifəli rəsmləri ilə görüşdə münaqişənin sülh yolu ilə həllinə dair müzakirələr gedərkən erməni silahlı qüvvələri Laçın rayonunu işğal etdilər. Bu işğal nəticəsində 63.341 Azərbaycan vətəndaşı doğma torpağından qovuldu.

19 sentyabr - Soçidə (Rusiya) Azərbaycan və Ermənistan müdafiə nazirləri bütün silahlı əməliyyatların iki ay ərzində (müddətin daha sonra uzadılması şərti) dayandırılması barədə razılığa gəldilər.

9-12 dekabr - Soçidə əldə edilən razılığı pozaraq, Ermənistan Azərbaycanın Zəngilan rayonunun 8 kəndini işğal etdi.

1993

27 mart-3 aprel - Cenevrədə aparılan sülh danışıqları ilə eyni vaxtda Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdi. 60.698 azərbaycanlı daimi yaşayış yerindən didərgin düşdü.

6 aprel - BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcərin işğalını pisləyən bəyanat verdi.

15 aprel - Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin dərinləşməsi barədə bəyannaməsi. Nazirlər Komitəsi münaqişənin dərinləşməsi, xüsusilə, döyüş zonasının Azərbaycanın Kəlbəcər rayonuna kimi genişlənməsi ilə bağlı ciddi narahatlığını bildirdi və BMT Təhlükəsizlik Şurası sədrinin dərhal bütün hərbi əməliyyatları dayandırmaq tələbini və regionda sülhə və sabitliyə təhlükə törədən bütün qüvvələrin çıxarılmasına dair çağırışlarını dəstəklədi.

25-29 aprel - Islam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hücumlarını və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını qətiyyətlə pisləyən qətnamə qəbul etdi.

30 aprel - BMT-nin Təhlükəsizlik Şurası işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın son zamanlar işğal olunmuş digər ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi.

11 iyun - Şimali Atlantika Əməkdaşlıq Şurasının bəyanatı: "Biz BMT Təhlükəsizlik Şurasının münaqişə tərəfləri və bütün ölkələr tərəfindən yubadılmadan, bütünlüklə icra edilməsi zəruri olan 822 saylı qətnaməsini qətiyyətlə dəstəkləyirik. Biz döyüş əməliyyatlarını dərhal dayandırmağa, işğalçı qoşunları Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından çıxarmağa çağırırıq".

23 iyul - ATƏT-in Minsk Konfransının sədri cənab M.Rafaellinin səfərindən dərhal sonra Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğalı. 158 min Azərbaycan vətəndaşı öz yurdundan didərgin salındı.

24 iyul - Ağdam şəhərinin (Azərbaycan) işğalı barədə ATƏT-in Minsk Konfransı sədrinin bəyanatı.

29 iyul - İşğalçı qoşunların Ağdam rayonundan və Azərbaycan Respublikasının işğal olunmuş digər rayonlarından dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin qəbulu.

18 avqust - İşğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı;

23-26 avqust - Edilmiş xəbərdarlıqlara baxmayaraq, Ermənistan öz təcavüzkar siyasətini davam etdirərək, Azərbaycanın Fizuli və Cəbrayıl rayonlarını işğal etdi. Nəticədə, 209.985 Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşdü.

25-26 avqust - Silahlı qüvvələrin Azərbaycanın Qubadlı və Zəngilan rayonlarının işğalına yönləndirilməməsi barədə ATƏT Sədrinin Ermənistan Prezidenti L.Ter-Petrosyana müraciətini Ermənistan rədd edir.

31 avqust - Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı. Nəticədə 31.364 Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşdü.

14 oktyabr - ATƏT-in Minsk Qrupunun fəaliyyət cədvəlində nəzərdə tutulmuş qarşılıqlı və zəruri addımların dərhal yerinə yetirilməsi, eləcə də qoşunların işğal olunmuş ərazilərdən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsinin qəbulu.

28 oktyabr - 1 noyabr - Azərbaycanın Horadiz və Zəngilan rayonlarının işğalı. 34.924 Azərbaycan vətəndaşı öz evini tərk etməyə və qaçaraq canını qurtarmağa məcbur oldu.

11 noyabr - BMT Təhlükəsizlik Şurasının Zəngilan və Horadiz rayonlarının işğalını, yerli əhaliyə edilən hücumları və Azərbaycan Respublikasının bəzi ərazilərinin bombardman olunmasını pisləyən, Zəngilan, Horadiz rayonlarından və Azərbaycanın işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 884 saylı qətnaməsinin qəbulu.

1994

10-11 yanvar - Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçıları ərazi ələ keçirilməsi üçün güc tətbiq edilməsini pisləyən qərar qəbul etdilər. "Regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olması üçün Ermənistan, Azərbaycan və Gürcüstanın ərazi bütovlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət bəslənilməsi çox vacibdir..."

15 aprel - MDB-nin üzvü olan dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılması barədə MDB-nin qətnaməsi. Ermənistan qətnaməyə qoşulmayan yeganə MDB dövləti idi.

12 may - Atəşkəs barədə razılıq qüvvəyə mindi.

9-10 iyun - Şimali Atlantika Şurası nazirlərinin görüşündə nazirlər qərara gəldilər ki, "münaqişənin həllinə aparan mərhələli sülh prosesi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən zəruri şəraitin yaradılması, münaqişənin yatırılması, zorla işğal olunmuş ərazilərdən qoşunların çıxarılması və məcburi köçkünlərin öz yurdlarına geri qaytarılması üçün səmərəli atəşkəs və güzəştli konstruktiv danışıqlar çox vacibdir..."

5-6 dekabr - ATƏT-in Budapeşt Sammiti. Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ATƏT-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Sənədə əsasən, silahlı münaqişənin dayandırılması ilə bağlı siyasi razılıq əldə edilməsi üçün intensiv danışıqların aparılması, münaqişənin tərəflər üçün ağır nəticələrinin aradan qaldırılması və Minsk konfransının təşkil edilməsi məqsədi ilə Minsk Konfransı həmsədrlərinin təşkilatı təsis edildi. Bununla da, Budapeşt Sammiti münaqişənin həlli prosesinin iki mərhələli hüquqi çərçivədə aparılmasını qərara aldı: 1) birinci mərhələ - razılığın yerinə yetirilməsi ilə silahlı münaqişənin ağır nəticələrinin aradan qaldırılması, yəni işğal olunmuş ərazilərin tamamilə boşaldılması və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının təmin olunması; 2) ikinci mərhələ - münaqişənin tam və hərtərəfli həlli üçün Minsk Konfransının çağırılması. Budapeşt Sammiti həmçinin siyasi razılığın həyata keçirilməsindən sonra ATƏT tərəfindən sülhməramlı hərbi əməliyyatın hazırlanması barədə qərar qəbul etdi;

1995

Münaqişənin dayandırılması barədə razılığın dəqiqləşdirilməsi ilə bağlı danışıqlar.

1996

2-3 dekabr - ATƏT-in Lissabon Sammiti. ATƏT-in Sədri Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin üç başlıca prinsipi barədə Ermənistan istisna olmaqla ATƏT-in üzvü olan bütün dövlətlərin (53) dəstəklədiyi bəyanat verdi: 1) Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2) Azərbaycan daxilində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsini nəzərdə tutan, öz müqəddəratını təyin etmək hüququna əsaslanan razılaşma ilə müəyyən edilən Dağlıq Qarabağın rəsmi statusu; 3) Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinin təminatı, eləcə də tərəflərin razılaşmanı təmin etmək üçün qarşılıqlı öhdəlikləri.

1997

Yanvar - ATƏT-in Minsk Konfransı həmsədrliyi üçlüyünün (Rusiya, ABŞ və Fransa) təsisatı təqdim edildi.

2 aprel - Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri cənab Lev Roxlinin Rusiyadan Ermənistana bir milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məruzəsi. Sonradan cənab Roxlin naməlum şəraitdə qətlə yetirildi.

22 aprel - Avropa Şurasının Parlament Assambleyası Cənubi Qafqazda münaqişələr barədə qətnamə (1119) qəbul etdi. Qətnamədə qeyd edilirdi ki, regionda mövcud olan münaqişələr 1975 -ci il Helsinki Yekun Aktının və 1990-cı il Paris Nizamnaməsinin müddəalarına uyğun həll olunmalıdır.

I. Sərhədlərin toxunulmazlığı;

II. Nəzərdə tutulan ərazilərdə bütün əhalinin, xüsusilə çoxmillətli sülhməramlı qüvvələrin təhlükəsizliyinin təminatı;

III. Bütün tərəflərlə razılaşdırılmaqla, Abxaziyanın və Dağlıq Qarabağın yüksək muxtariyyət statusu;

IV. Qaçqın və məcburi köçkünlərin geri qayıtmaq hüququ və insan hüquqlarına uyğun olaraq onlara yenidən vətəndaşlıq hüququnun verilməsi.

1 iyun - Həmsədrlər münaqişənin həlli ilə bağlı kompleks plan təklif etdilər. Təklifin başlıca ideyası iki əsas məsələ ilə bağlı paralel danışıqların aparılmasından ibarət idi: işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi. Bu plandan imtina edən Ermənistandan fərqli olaraq, Azərbaycan təklifi bəzi istisnalarla qəbul etdi.

19 sentyabr -Həmsədrlər münaqişənin "mərhələli" həlli planını təqdim etdilər. Bu plan münaqişənin ikimərhələli həllini əks etdirirdi: birinci mərhələdə - Laçın istisna olmaqla, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən altı rayondan silahlı qüvvələrin çıxarılması, yerli əhalinin geri qaytarılması və münaqişə ərazisində əsas kommunikasiya əlaqələrinin bərpa edilməsi; ikinci mərhələdə - Laçın və Şuşanın, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi;

10 oktyabr - Strasburqda Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin mərhələli həlli planını dəstəkləyən birgə bəyannaməsi.

L.Ter-Petrosian özünün "Müharibə və sülh" məqaləsində münaqişənin mərhələli həllinin əhəmiyyətini qeyd etdi. Sonradan, o, siyasi-hərbi dairələrin təzyiqi altında istefa verməyə məcbur oldu. Baş nazir R.Koçaryan (Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin sakini və vəzifəyə seçilməzdən əvvəl separatçı rejimin lideri) ölkədə Prezident səlahiyyətlərini icra etməyə başladı. Onun prezident seçkilərində qələbəsindən sonra Ermənistanın münaqişənin həllində mövqeyi daha dolaşıq oldu.

1997-2002-ci illər ərzində ATƏT-in Minsk Qrupunun tam tərkibdə heç bir görüşü keçirilmədi.

1998

Aprel-may - Ermənistan ölkənin keçmiş Prezidentinin münaqişənin mərhələli həllinə verdiyi razılığı rəsmən rədd etdi.

9 noyabr - Həmsədrlər münaqişənin həlli ilə bağlı "ümumi dövlət" adlı yeni plan irəli sürdülər. Bu təklif beynəlxalq hüquq normaları və prinsipləri, eləcə də milli qanunvericiliklə ziddiyyət təşkil etdiyi üçün Azərbaycan tərəfi ondan imtina etdi. Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların həmsədrlərin münaqişənin mərhələli həlli barədə keçmiş təklifi əsasında yeniləşdirilməsinə hazır olduğunu bildirdi.

1999-2002

Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar. İndiyədək onlar arasında 20-dən çox görüş olub. Hələ ki, bir nəticə əldə edilməyib.

2002

8 mart - Sülh prosesində irəliləyiş əldə etmək məqsədi ilə həmsədrlər münaqişənin həlli barədə aparılan danışıqlarda iştirak etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələrinin təyin olunmasını təklif etdilər. İl ərzində xüsusi nümayəndələr üç dəfə görüşdülər - may və iyun aylarında iki dəfə Praqada və noyabr ayında bir dəfə Vyanada.

12 iyun - Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Komitəsinin yekun sənədində AB münaqişənin sülh yolu ilə həllinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi.

2 avqust - AB Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkiləri"nin keçirilməsini pislədi.

2003

23 yanvar - Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda geniştərkibli bürosu münaqişənin sülh yolu ilə həlli məqsədi ilə Azərbaycan və Ermənistan tərəfindən götürülmüş öhdəliklərin icrası ilə bağlı xüsusi iclas keçirdi.

30 yanvar - Avropa Şurasının Baş katibi Ermənistan Prezidenti Koçaryanın "Ermənistanla Azərbaycan arasında etnik ziddiyyət" barədə son bəyanatı ilə bağlı öz təəssüf hissini ifadə etdi. Avropa tarixinin qara səhifələrini xatırladan Valter Şvimmer Ermənistanda fevralın 19-na planlaşdırılan prezident seçkiləri barədə qeyd etdi ki, burada heç vaxt yaxşı seçki strategiyası olmayıb.

19 fevral - 5 mart - Ermənistanda prezident seçkiləri.

R.Koçaryan artıq ikinci dəfə Ermənistan Respublikasının prezidenti seçildi. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar İnstitutundan və Avropa Şurasının Parlament Assambleyasından olan müşahidəçilər bildirdilər ki, seçkilərdə ciddi qanun pozuntuları aşkarlanıb.

19 iyun - Ermənistanın koalisiya höküməti dördillik fəaliyyət planını parlamentə təqdim etdi. Bu proqramın "Müdafiə və təhlükəsizlik" bölməsində bildirilirdi ki, ötən illərdə olduğu kimi, hökümət Dağlıq Qarabağ probleminin sülh danışıqları əsasında həllinə, "Arsax" (Dağlıq Qarabağ) əhalisinin öz müqəddaratını təyin etmək hüququnun beynəlxalq səviyyədə tanınmasına və "Dağlıq Qarabağ Respublikası" əhalisinin təhlükəsizlik təminatına ümid edir. "Dağlıq Qarabağ Respublikası"nın Azərbaycana birləşdirilməsinin mümkünlüyü istisna edilirdi.

Proqramın təqdim edilməsi zamanı Ermənistanın Baş naziri A.Markaryan Ermənistanla Azərbaycan arasında mövcud münaqişədən danışarkən bildirdi: "Qarabağ Azərbaycanın ərazisi ola bilməz, Ermənistanla ümumi sərhəd təşkil etməlidir və Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmək hüququ dünya tərəfindən tanınmalıdır".

19 avqust - ATƏT Sədrinin şəxsi nümayəndələrinin Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd ərazilərində keçirilən monitorinqi zamanı Ermənistan tərəfi atəşkəs rejimini yenidən pozdu və nəticədə monitorinq prosesi dərhal dayandırıldı. Təəssüf ki, ATƏT Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu faktı öz məruzəsində qeyd etməkdən imtina etdi.

Sentyabr - ATƏT-in Minsk Qrupunun Rusiya tərəfindən həmsədri N.Qribkov Y.Merzlyakovla əvəz edildi. Bölgəyə səfəri zamanı o, 3-5 sentyabrda Azərbaycan rəsmləri ilə bir neçə görüş keçirdi.

15 oktyabr - Azərbaycanda Prezident seçkiləri.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

11 dekabr -Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermənistanlı həmkarı ilə Cenevrədə ilk görüşü.

2004

16 aprel - Praqada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.

28-30 aprel - Varşavada Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü.

12-13 may - Strasburqda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.

21 iyun - Praqada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.

28-29 iyun - İstanbulda Türkiyənin xarici işlər naziri Abdullah Gülün iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.

3-12 avqust - Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən hərbi təlimlərin keçirilməsi.

Azərbaycanın Xarici İşlər Nazirliyi öz bəyanatında beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, bu hərbi təlimlərin keçirilməsi faktı Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü və ərazilərin işğalını sübut edən daha bir aydın dəlildir.

8 avqust - Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçı rejiminin rəhbərləri tərəfindən yerli özünüidarə orqanlarına seçkilərin keçirilməsi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunurdu ki, bu cür "seçkilər" qanuniliyi özündə əks etdirmədiyi, təcavüzün, işğalın davam etdiyi, eləcə də, Dağlıq Qarabağ əhalisinin azərbaycanlılardan ibarət üçdə bir hissəsinin zorla qovulduğu bir şəraitdə keçirildiyinə görə beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının milli qanunvericiliyinə tamamilə ziddir.

30 avqust - Praqada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.

15 sentyabr - Astanada MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Ermənistan Prezidenti Robert Koçaryan xarici işlər nazirlərinin keçmiş dörd görüşünün nəticələrini daha aydın təhlil etməyə ehtiyac olduğu üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti Praqa görüşünün təxirə salınmasını (25 Oktyabr, 2004) xahiş etdi.

14 oktyabr - "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı əlavə maddənin BMT Baş Məclisinin əlli doqquzuncu iclasının gündəliyinə daxil edilməsi barədə Azərbaycanın müraciəti.

29 oktyabr - Baş Komitənin tövsiyəsinə müvafiq olaraq, BMT-nin Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı əlavə maddəni iclasın gündəliyinə daxil etməyi qərara aldı. Qərar qəbul edilərkən 43 dövlət lehinə, 1 dövlət (Ermənistan) əleyhinə səs verdi, 99 dövlət bitərəf qaldı.




Bu yazı 12555 dəfə oxunmuşdur.