WWW.KIVDF.GOV.AZ
Ümummilli Lider

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.

10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.

Dünya H.Əliyev haqqında

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

Corc BUŞ, Amerika Birləşmiş Ştatlarının prezidenti.

Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.

Vladimir PUTİN, Rusiya Federasiyasının prezidenti.

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

Jak ŞİRAK, Fransa Respublikasının prezidenti.

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni BLEYER, Böyük Britaniyanın Baş naziri.

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Nursultan NAZARBAYEV, Qazaxıstan Respublikasının prezidenti.

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Xu SZİNTAO, Çin Xalq Respublikasının Sədri.

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.

Əhməd Necdət SEZƏR, Türkiyə Respublikasının prezidenti.

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.

Rəcəb Tayyib ƏRDOĞAN, Türkiyə Respublikasının Baş naziri.

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

Kraliça II ELİZABET.

Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.

Seyid Məhəmməd XATƏMİ, İran İslam Respublikasının prezidenti.

Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.

Georgi PIRVANOV, Bolqarıstan Respublikasının prezidenti.

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

İslam KƏRİMOV, Özbəkistan Respublikasının prezidenti.

Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.

Vladimir VORONİN, Moldova Respublikasının prezidenti.

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Gerhard ŞRÖDER, Almaniya Federativ Respublikasının federal kansleri.

Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.

Emoməli RƏHMONOV, Tacikistan Respublikasının Prezidenti.

Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.

Əsgər AKAYEV, Qırğızıstan Respublikasının Prezidenti.

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.

II İohan Pavel, Roma papası.

Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.

Abdullah GÜL, Türkiyə Respublikasının xarici işlər naziri və Baş nazirin müavini.

Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.

Vyaçeslav TRUBNİKOV, Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini.

Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur. Onun adı xatirimizdə həmişəlik qalacaqdır.

Məhəmmədəli MƏHƏMMƏDOV, Dağıstan Respublikası Dövlət Şurasının sədri.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.

Mintimer ŞAYMİYEV, Tatarıstan Respublikasının Prezidenti.

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

Murtaza RƏHİMOV, Başqırdıstan Respublikasının prezidenti.

Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.

Kirsan İLYUMJİNOV, Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti.

Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.

Bülənd ECEVİT, Demokratik Sol Partiyasının sədri.

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.

Çingiz Aytmatov, Qırğızıstan xalq yazıçısı.

Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.

Butros-Butros Qali, BMT-nin sabiq Baş katibi.

Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edibdir. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.

Timm Eqqar, Böyük Britaniyanın energetika naziri.

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

Nikolay Baybakov, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri.

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN

1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.

Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.

Nəhəng dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf edirdilər: faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı ölkənin ən yüksək mükafatına layiq görülürdü. Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı. Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu.

Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı. Bütün bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür tərzindən təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına yönəldilmiş digər işlər də aparılırdı.

Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi "Qoy ədalət zəfər çalsın" şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.





Bu yazı 17730 dəfə oxunmuşdur.